20 oktyabr 2012 19:34
Yığmamızın forvardı oynamadı, komandası liderə uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 33-cü turu çərçivəsində “Daugava” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də liyepayalılar hazırda lider olan bu komandanı mütləq məğlub etməyi hədəfləmişdilər. Çünki mövsümün sonun cəmi bir neçə tur qaldığından, “Metallurg”un başqa çıxış yolu yoxdu. Lakin onların bu istəyi baş tutmayıb və həmyerlimizin komandası doğma meydanda məğlub olub.
Qeyd edək ki, hazırda Liyepaya klubu 33 oyundan sonra 64 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Daugava” isə 71 xalla zirvədə yer alıb.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, baş məşqçisi millimizin üzvünə yenə şans verməyib.
Latviya çempionatı
33-cü tur
20 oktyabr
Metallurg - Daugava 1:3
