19 oktyabr 2012 11:16
Topaz Premyer Liqası, 9-cu tur: Elxan Abdullayevin proqnozu
Azərbaycanlı futbol mütəxəssisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Neftçi – Kəpəz
Bakılılar bu görüşün aşkar favoritidilər. Düşünmürəm ki, matçın fərqli nəticəsi olsun. Əlbəttə, gəncəlilərin də bu oyunda qələbəyə köklənməsi yaxşıdı. Amma hesab edirəm ki, onların şansı çox azdı. “Neftçi” qələbə qazanacaq.
İnter – Simurq
Çətin oyundu. Demək olar ki, hər iki komanda eyni səviyyədədi. Fikrimcə, Zaqatala klubu bu oyunda da uduzmayacaq. Mən hətta “Simurq”un qələbə qazanmaq şansının olduğunu da deyərdim. Hazırda bu komandada əla oyun intizamı və atmosfer hökm sürür ki, bu da vacib amildi.
Qarabağ – Bakı
“Bakı” ondan gözlənilən oyunu göstərə bilmir. Ona görə də hazırda 11-ci yerdə gedirlər. “Qarabağ”a gəlincə, bu komanda uzun müddətdi eyni heyətlə mübarizə aparırlar. Ona görə də “Qarabağ”ın qələbəsinə üstünlük verirəm.
Turan – AZAL
Şübhəsiz ki, AZAL bu görüşün aşkar favoritidi. Tovuzda oynamaq həmişə və hamı üçün çətindi. Çünki “Turan” ev komandasıdı. Heç-heçə olacağını düşünürəm.
Xəzər Lənkəran - Qəbələ
“Xəzər Lənkəran” hazırda çempionatın ən güclü heyətlərindən birinə malik olsa da, oyununa görə ən zəiflərdəndi. Artıq bir neçə aydı ki, bu komanda öz oyununu tapa bilmir. Ramiz Məmmədovun gəlişindən sonra “Qəbələ”nin oyunu yaxşılaşıb və ümid edirəm ki, bundan sonra daha da güclənəcək. Ona görə də “Qəbələ”nin Lənkəranda qalib gələcəyini düşünürəm.
Sumqayıt – Rəvan
“Sumqayıt” hazırda yüksəlişdədi. Komanda son çempionu “Neftçi”ni, kubokun qalibi “Bakı”nı məğlub edə bildi. Rəqibləri hələ bu komandanı ciddi qəbul etmirlər. Perspektivli uşaqlardan qurulmuş heyətə malikdi. Amma bu oyunda da heç-heçə olacağını güman edirəm.
