20 oktyabr 2012 18:45
Kamran Ağayev yenə XL-dan ayrıldı
AFFA prezidenti Rövnəq Abdullayevin Mübariz Mənsimova müraciətindən sonra “Xəzər Lənkəran”a qaytarılan Kamran Ağayev yenidən komandanın düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, buna azarkeşlərin qolkiperə təzyiqi səbəb olub.
Belə ki, ötən günkü məşqdə bir neçə fanat Kamrana təzyiq edib. O isə buna qarşılıq olaraq əşyalarını götürərək klubun bazasını tərk edib və Bakıya gəlib.
Xatırladaq ki, Kamran Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa “Lech”i ilə cavab görüşündən sonra “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılmışdı. Lakin o, yay transfer dövründə özünə yeni komanda tapa bilmədi. AFFA prezidenti Rövnəq Abdullayev klubun fəxri prezidenti Mais Mənsimova müraciət etdikdən sonra Ağayev əsas heyətə qaytarıldı. O, yığmamızın oktyabrın 16-da Rusiya ilə keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup oyununun ardından “Xəzər Lənkəran”ın məşqlərinə qatılmışdı.
