21 oktyabr 2012 13:29
AFFA Hakimlər Komitəsinə yunan rəhbərlik edəcək?
AFFA Hakimlər Komitəsinin rəhbərliyində dəyişiklik oluna bilər. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən quruma keçmiş yunanıstanlı referi Kiros Vassaras rəhbərlik edə bilər.
Qeyd edək ki, Vassarasa UEFA Hakimlər Komitəsinin üzvüdü. O, artıq Azərbaycandan aldığı təklifi qəbul edib və bu yaxınlarda Bakıya gələcək. Məhz Azərbaycan paytaxtındakı yekun danışıqlardan sonra son qərarın verilməsi gözlənilir.
Vassaras hakimlik karyerası ərzində Yeni Zelandiyada keçirilən gənclər arasında DÇ-99-un finalını, 2004-cü ildə keçirilən Afina Olimpiya oyunlarının həlledici oyununu, 2004/05 və 2006/07 mövsümlərində Çempionlar Liqasının yarımfinal, həmçinin 2008-ci ildə UEFA Kubokunun yarımfinal oyununu idarə edib. O, bir müddət Yunanıstan Futbol Federasiyasında da çalışıb.
Hazırda AFFA Hakimlər Komitəsinə Xaqani Məmmədovun başçılıq etdiyini də vurğulayaq.
