23 oktyabr 2012 11:39
Seriya A klubu baş məşqçisini qovdu
İtaliyanın futbol üzrə “Genoa” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın çalışdırıcısı Luici de Kanioya qapını göstərib.
Buna komandanın A Seriyasının son turunda evdə “Roma”ya dramatik məğlubiyyəti səbəb olub. Belə ki, 8-ci turun Genuyadakı oyununda meydan sahibləri 15 dəqiqəyə 2 qol vurublar. Bundan sonra artıq hər kəs “Genoa”nın qələbə qazanacağını düşünsə də, romalılar inanılmaz əzmkarlıq nümayiş etdirərək, ardıcıl 4 qol vurublar və 4:2 hesablı qələbəyə imza atıblar.
Məhz bu məğlubiyyət De Kanioya baha başa gəlib. Onun postunu müvəqqəti olaraq Luici Del Nerinin tutacağı bildirilir.
Qeyd edək ki, 8 oyundan sonra “Genoa” 9 xalla 10-cu yerdə gedir.
