24 oktyabr 2012 17:49
Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/16 final oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.
Günün ən maraqlı görüşü birinci divizionun son çempionu “Qaradağ Lökbatan”la “Lokomotiv” arasında baş tutub. Ölkə çempionu rəqibinin daşını daş üstə qoymayıb və 7 cavabsız qolla növbəti mərhələyə adlayıb. Növbəti mərhələdə lökbatanlıları "Qəbələ" ilə görüş gözləyir.
Cari mövsümün lideri “Neftçala” isə “Şuşa” ilə üz-üzə gəlib. Neftçalanın eyniadlı təmsilçisi minimal hesablı qələbə sayəsində 1/8 finala yüksəlib. Növbəti mərhələdə bu komanda "Rəvan"la qarşılaşacaq.
“Tərəqqi” debütant “Ağsu”nu qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşü meydan sahibləri qazanıblar. Nəticədə, "Tərəqqi" "Neftçi" ilə üz-üzə gəlmək şansı qazanıb.
MOİK isə “Bakılı” ilə görüşdə ən güclünü müəyyənləşdirməyə çalışıb. "Bakılı" elə ilk yarıda azlıqda qalsa da, "hərbçilər" bu şansdan yararlana bilməyiblər. Görüşün əsas vaxtı qolsuz bitdiyindən əlavə vaxt təyin olunub. Lakin əlavə vaxtda da tərəflər qol sükutunu poza bilməyiblər. Nəticədə, qalibi müəyyənləşdirmək üçün penaltilərə müraciət olunub. Bu zərbələri daha dəqiq yerinə yetirən MOİK mərhələ adlayan tərəf olub. "Hərbçilər"i 1/8 finalda "İnter"lə çətin duel gözləyir.
Maraq üçün bildirək ki, bu mərhələdə mübarizə bir oyundan ibarət idi. 1/8 finala ilk vəsiqənin sahibi “Qala” üzərində qələbə qazanmış (4:2) “Kəpəz” olmuşdu və gəncəlilər növbəti mərhələdə “Qarabağ”la qarşılaşmaq imkanı əldə etmişdilər.
Azərbaycan kuboku
1/16 final
24 oktyabr (çərşənbə)
TƏRƏQQİ – AĞSU - 3:1 (1:0)
Qollar: Orxan Babayev, 39; 50, Azər Səfərli, 88 - Nicat Tağıyev, 87.
Qırmızı vərəqə: Tural Ağayev, 64 (Tərəqqi), Emin Abbasov, 74 (Ağsu).
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Rahin Heybətov, Ceyhun Haşımov
Gəncə. Şəhər stadionu.
QARADAĞ LÖKBATAN – LOKOMOTİV - 7:0 (1:0)
Qollar: Novruz Ələkbərov, 14; 62; 68, Mehdi Mehdiyev, 56, Rüfət Məmmədov, 73, Ruhid Usubov, 76; 78.
Hakimlər: Elvin Əsgərov, Elşən Məmmədov, Azad Hüseynov, Nail Nağıyev
Lökbatan olimpiya idman kompleksinin stadionu.
MOİK – BAKILI - 0:0 (penaltilərlə 3:1)
Qırmızı vərəqə: Rəşad Kərimov, 34 (Bakılı).
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Vüsal Qənbərov, Rəşad Əhmədov.
Bakı. “Ədliyyə” stadionu.
ŞUŞA – NEFTÇALA - 0:1 (0:0)
Qol: Elnur Abbasov, 59.
Hakimlər: Fariz Yusifov, Ruslan Babayev, İsgəndər Əliyev, Anar Heydərov
Bakı. “Şəfa” stadionu, 4-cü meydança.
