25 oktyabr 2012 00:08
Tarixən düşərli rəqiblə ilk görüş
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablı heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı. “Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı – 1:1. Lakin təəssüf ki, “ağ-qaralar” bu uğurun davamını Milan “İnter”i ilə ev oyununda gətirə bilmədi və 1:3 hesabıyla məğlub oldu.
Bu gün isə təmsilçimiz Rusiya “Rubin” ilə görüşdə qüvvəsini sınayacaq. Hansı ki, Kazan klubu da “İnter”lə yanaşı H qrupunun əsas favoritlərindən sayılır. Təsadüfi deyil ki, tatarlar ilk görüşünü məhz “İnter”ə qarşı səfərdə keçirmiş və 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Ardından isə doğma divarlar arasında “Partizan”a 2:0 hesabıyla qalib gəlmişdi. İndi “Neftçi” belə güclü rəqiblə görüşdə növbəti sürprizə imza atmağa çalışacaq.
Qeyd edək ki, “Rubin” klubu 1936-cı ildə yaradılsa da, sonradan fəaliyyətini dayandırıb və 1958-ci ildə yenidən bərpa olunub. Komanda ev oyunlarını Kazandakı mərkəzi stadionda keçirir. Arenanın azarkeş tutumu 28500 nəfərdi. “Rubin”ə türkmən mütəxəssis Kurban Berdiyev başçılıq edir. 60 yaşlı baş məşqçi komandanın tarixinə adını qızıl hərflərlə yazdıra bilib. Belə ki, “Rubin” bütün uğurlarını onun rəhbərliyi altında qazanıb. “Rubin”in 64 yaşı olsa da, bütün uğurlarına 2000-ci ildən sonra imza atıb. Komanda 21-ci əsrin əvvəllərindən etibarən 2 dəfə Rusiya çempionluğunu, 3 dəfə bürünc medalları, 2 dəfə ölkə kubokunu, 2 dəfə də Super Kuboku qazanıb.
“Rubin” avrokuboklarda 6 mövsüm keçirib. Kazan klubu keçirdiyi 40 oyundan 13-də qələbə qazanıb, 13-də heç-heçə edib və 14-də məğlub olub. Komanda ilk dəfə avrokubokların qrup mərhələsinə 2009-2010 mövsümündə qatılıb. Çempionlar Liqasının qrupuna düşən Kazan klubu ünlü “Barcelona”nı səfərdə məğlub etməklə sensassiyaya imza atmışdı. Ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində Lion “Olympique”inə yenilən Kurban Berdiyevin yetirmələri Avropa Liqasının 1/32 finalında mübarizəni dayandırmışdı. “Rubin”in heyətində rusiyalı futbolçularla yanaşı, Argentina, İspaniya, Braziliya, Finlandiya, Litva, İtaliya, İsrail, İran, Venesuella və Türkiyədən legionerlər çıxış edir.
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
Qapıçılar: 1. Sergey Rıjikov, 24. Qedryus Arlauskis, 88. Alireza Heqiqi;
Müdafiəçilər: 2. Oleq Kuzmin, 3. Kristian Ansaldi, 4. Sezar Navas, 19. Vitali Kaleşin, 25. İvan Markano, 27. Salvatore Bokketti, 76. Roman Şaronov;
Yarımmüdafiəçilər: 6. Pablo Orbais, 8. Aleksandr Ryazantsev, 10. Alan Kasayev, 11. Karlos Eduardo, 20. Aleksey Yeryomenko, 23. Roman Yeryomenko, 55. Gökhan Töre, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo;
Hücumçular: 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun, 99. Xose Rondon.
Göründüyü kimi, “Neftçi”nin bu dəfəki rəqibi də sıradan bir komanda deyil. Hər halda dünyanın ən öndə gedən klublarından biri olmasa da, son illərdəki inkişafı ilə dıqqət çəkən “Rubin”lə görüş komandamız üçün çox çətin keçəcək. “Ağ-qaralar”ın bu rəqibi ilə səfərdə görüşməsi komandamızın işini daha da çətinləşdirən amillərdəndi. Lakin Böyükağa Hacıyevin yetirmələri belə bir rəqiblə görüşdə uğur qazanmaq üçün ilk növbədə tatarlardan qorxub-çəkinməməlidi. İkincisi, komandamızın üzvləri belə bir rəqiblə görüşdə təkcə “Neftçi”yə uğur qazandırmaqla kifayətlənməyib həm də özlərini göstərməyə çalışacaq. Axı bu görüşü Avropanın aparıcı klublarının skautları ilə yanaşı, həm də bütün dünya izləyəcək. Çünki qarşılaşmanın bir sıra ölkələrdə canlı yayımlanması nəzərdə tutulub. Deməli, “Neftçi”nin həm yerli, həm də əcnəbi futbolçuları bu görüşə eyni zamanda özlərini reklam etmək gözüylə baxaraq, ikiqat əzmlə çalışmalıdılar.
İlk iki oyuna artıq bir xal qazanmış “Neftçi” üçün “Rubin”lə matçda qazanılacaq qələbə və ya bir xal komandamızın qrupdan çıxmaq şanslarını da artıra bilər. Güman ki, rəqib Azərbaycan çempionunu qrupun autsayderi hesab etdiyindən, komandamızı o qədər də qiymətləndirməyəcək. Bu isə Hacıyevin yetirmələrinin işini asanlaşdıran məqamlardandı. Amma nəzərə alsaq ki, ruslar qrupumuzun əsas favoritidi, “ağ-qaralar”ın bir xal qazanması da qənaətbəxş sayıla bilər. Yəqin ki, doğma meydanda oynamaları da ruslar üçün əlavə üstünlük olmaqla yanaşı, onları arxayınlaşdıra bilər. Üstəlik, “Rubin”in son dövrlər Rusiya çempionatında işləri qaydasında getmir. Belə ki, son turda CSKA-ya da uduzan (0:2) kazanlıların düşərgəsində əhval-ruhiyyə ideal sayıla bilməz. “Neftçi”də isə rəqibindən fərqli olaraq, əla ab-hava hökm sürür. Düzdü, komandamız Avroliqadakı son görüşündə Milan “İnter”inə uduzsa da, ondan sonra Premyer Liqamızda ardıcıl bir neçə qələbəyə sevinib. Bu gün isə həmin uğurların davamı gələ bilər.
Bu yolda yeganə çatışmazlıq isə heyətlə bağlı problemlər sayıla bilər. Hələ “İnter”lə görüş öncəsi sıradan çıxan Cavid İmamverdiyev hələ də sıraya dönməyib. Bu üzdən o, heç Kazana da aparılmayıb. Bahodir Nasimov komanda ilə birgə Rusiyaya yollansa da, oynamayacağı dəqiqdi. Daha bir mənfi məqam hazırda Tatarıstanda hava şəraitinin çox soyuq olmasıdı. Mülayim Bakı havasından sonra birdən-birə şaxtaya düşən komandamızın üzvlərinə belə soyuq hava şəraiti mənfi təsir göstərə bilər. Amma ümid edək ki, bütün bunlar “Neftçi”nin Rusiyadan müsbət nəticə ilə dönməsinə problem yaratmayacaq.
Sonda sizi bir qədər də tarixə səyahət etməyə dəvət edirik. Qeyd edək ki, “Neftçi” “Rubin”lə indiyədək qitə miqyaslı yarışlarda üz-üzə gəlməyib. Lakin “Neftçi” UEFA-nın bayrağı altında keçirilən turnirlərdə bir dəfə Rusiya klubu ilə üz-üzə gəlib. 2004/05 mövsümündə “Neftçi” Moskva CSKA-sı ilə qarşılaşıb. Azərbaycandakı görüş 0:0 hesabı ilə yekunlaşıb, Rusiyadakı matçda isə “hərbçilər” 2:0 hesabı ilə qalib gəliblər. SSRİ dönəmində isə “Rubin”lə “Neftçi” bir neçə dəfə üz-üzə gəliblər. 1975 və 1976-cı illərdə hər iki komanda ümummittifaq çempionatının birinci dəstəsində dörd dəfə qarşılaşıblar. “Neftçi” üç oyunda qalib gəlib, bir görüş isə heç-heçə yekunlaşıb. Həmin görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
5:2, 13 iyun, 1975, Bakı
4:2, 8 sentyabr, 1976, Bakı
1:1, 5 may, 1975, Kazan
2:1, 24 may, 1976, Kazan
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Milan "İnter"i ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
H qrupu
25 oktyabr
21:00. RUBİN – NEFTÇİ
Baş hakim: Kenn Hansen
Baş hakimin köməkçiləri: Lars Rix, David Vanq Andersen
Dördüncü hakim: Henrik Kristensen
Baş hakimin əlavə köməkçiləri: Yakob Kehlet, Mads-Kristoffer Kristoffersen (Hakimlər briqadası Danimarkadandı).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).
UEFA nümayəndəsi: Tervel Zlatev (Bolqarıstan).
|
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
|
İnter
|
2
|
1
|
1
|
0
|
5-3
|
4
|
|
Rubin
|
2
|
1
|
1
|
0
|
4-2
|
4
|
|
Neftçi
|
2
|
0
|
1
|
1
|
1-3
|
1
|
|
Partizan
|
2
|
0
|
1
|
1
|
0-2
|
1
|
