24 oktyabr 2012 12:44
Namiq Yusifovdan şad xəbər: XL-la oyuna çıxa biləcəm
“Qarabağ” – “Bakı” oyununda ağdamlıların aparıcı simalarından olan Namiq Yusifov zədələnərək oyunu vaxtından əvvəl tərk etməli olmuşdu. Azerisport.az xəbər verir ki, görüşün 15-ci dəqiqəsində yerini Emin Mustafayevə verən 26 yaşlı yorulmaz futbolçunun durumuna aydınlıq gəlib.
Namiqi dinləyək: “Məlum olduğu kimi, sol dizimə zərbə dəydi. Mən ümumiyyətlə mübarizədən qaçan biri deyiləm. Həkimlər ilkin müdaxiləni etsələr də, oyuna davam edə bilmədim. Halbuki, bunu çox istəyirdim. Mənim yerimə oyuna daxil olan Emin yaxşı futbolla yadda qaldı. Zədəm isə şükür ki, ciddi olmadı. Zərbə deyən yer şişmişdi. Artıq şiş çəkilib. Dünən axşamkı çalışmada yüngül hərəkətlərə başladım. Hər halda sabah tam gücümlə məşqə edə bilərəm. Baş məşqçimiz şans verəcəyi təqdirdə “Xəzər Lənkəran”la oyuna çıxa biləcəm. Lənkəranlılarla oyun həm çətin, həm də maraqlı olacaq. Düzdü, çoxları deyir ki, Yunis Hüseynovun yetirmələri bu mövsüm özünə bənzəmir. Amma hiss olunur ki, nəsə etməyə çalışırlar. “Qəbələ”ylə oyunlarını izlədim. Pis təsir bağışlamadılar. Bizim də zədəlilər var. Amma biz də oyuna 3 xal üçün çıxacağıq”.
