25 oktyabr 2012 00:36
Kazanda Neftçiyə qarşı hörmətsizlik
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə oyun öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Kazandakı mərkəzi stadionda cəmi 2 projektor işığı altında məşq etməli olub.
Bu da arenadakı digər projektorların söndürülməyi ilə bağlıdı. Klub rəhbərliyi bununla bağlı qarşı tərəfə müraciət etsə də, vəziyyət dəyişməyib. Lakin maraqlıdı ki, komandamız məşqi başa vurandan sonra bütün projektorlar işə salınıb. Bu, rusların Azərbaycan klubuna qarşı bilərəkdən hörmətsizlik etməsi kimi dəyərləndirilə bilər. Amma bu gün keçiriləcək oyun zamanı da işıqlandırma ilə bağlı oxşar hal yaşansa, “Rubin” UEFA tərəfindən cəzalandırıla bilər.
Digər problem jurnalistlərin açıq məşqə buraxılmaması ilə bağlıdı. Belə ki, stadion işçiləri 15 dəqiqədən sonra mətbuat nümayəndələrini məşqdən çıxarmaq istəsə də, “Neftçi” rəhbərliyi məsələyə müdaxilə edib və jurnalistlərin arenada qalmasına nail olub.
