26 oktyabr 2012 02:12
Kurban Berdıyev: Bilirdik ki, Neftçiyə sərbəst oynamaq imkanı vermək olmaz
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Azərbaycan çempionu “Neftçi” üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra öncə bunları dilə gətirib:
“Gözlənildiyi kimi, oyun gərgin alındı. Oyun ərəfəsində də demişdim ki, “Neftçi” qapanmağı bacarır. Əks-hücumda qol buraxacağımızdan qorxurduq. İkinci hissədə hücumda çox yaxşı oynadıq. Amma təəssüf ki, ikinci qolu vura bilmədik”.
“Yeryomenko zədə almışdı və buna görə də oynaya bilmədi. Mən ikinci əvəzetməyə əl atmağa risk etmədim. Çünki “Neftçi”nin əks-hücumları təhlükəli olurdu. Bilirdik ki, rəqibə sərbəst oynamaq imkanı vermək olmaz”.
“Neftçi”dən danışmaq istəmirəm. Öz komandamdan danışacağam. Hesab edirəm ki, qonaqlar bu gün yaxşı müdafiə olundular. Ona görə də müdafiə xəttində çox riskə əl atmırdıq. Fikrimcə, futbolçularımız işlərinin öhdəsindən pis gəlmədilər. Taktikaya gəlincə, “Neftçi”yə qarşı beş müdafiəçi ilə oynamaqdan imtina etdik. Nəticədə, 4-4-2 sxemindən yararlandıq”.
Kazan təmsilçisinin çalışdırıcısı azarkeşlərin azlığından da danışıb: “Azarkeşlərin azlığı son oyunlarımızdakı uğursuzluqlarla əlaqədardı. Mən həmişə sakit olmağa çalışıram. Yalnız Rusiya çempionatında bəzən əsəbləri cilovlamaq olmur. Çünki hakimlər adamı özündən çıxarırlar. Amma bu oyunda belə bir şey olmadı. Qarşıda “Anji” ilə oyun olsa da, biz həmin görüş barədə düşünmürdük. Əks halda bəzi futbolçulara istirahət verərdim. Bizim üçün Avropa Liqası böyük əhəmiyyət kəsb edir”.
