27 oktyabr 2012 23:30
Yığmamızın üzvü Şerifə qarşı oynamadı, darmadağına sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” bu gün Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 14-cü turu çərçivəsində “Şerif” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də “Milsami” mütləq 3 xal qazanmağı hədəfləmişdi. Onlar buna darmadağınla nail olublar. Maraq üçün qeyd edək ki, bu, lider olan "Şerif"in cari mövsümdə ilk məğlubiyyəti olub. Moldova futbolunun flaqmanı bu görüş öncəsi cəmi bir oyunda heç-heçə etmişdi.
Son oyunlarda əsas heyətdə meydana çıxan millimizin üzvünün bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Lakin Elhad bu dəfə ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda “Milsami” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Şerif" isə 37 xalla liderdi.
Moldova çempionatı
14-cü tur
27 oktyabr
Milsami - Şerif - 3:0
