28 oktyabr 2012 22:00
Neftçinin rəqibləri hamısı qələbə qazandı (YENİLƏNİB)
Bu gün İtaliya, Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klublar da növbəri sınaqlarına çıxıblar.
Milan “İnter”i A Seriyasının 9-cu turu çərçivəsində səfərdə “Bologna” ilə qarşılaşıb. Andrea Stramaççoninin komandası səfərdən 3:1 hesablı qələbə ilə qayıdıb. Ranokkya, Milito və Kambyassonun qollarına meydan sahibləri sadəcə bir qolla cavab veriblər. "İnter" hazırda 9 oyuna 21 xalla 2-ci yerdə gedir.
Kazan “Rubin”i Rusiya Premyer Liqasının 13-cü turu çərçivəsində doğma meydanda “Anji” ilə üz-üzə gəlib və 2:1 hesabıyla qalib gəlib. 4-cü dəqiqədə Kuzmin hesabı açıb. 6 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirsə də, 20-ci dəqiqədə Kasayev komandasına qələbə qazandıran qola imza atıb. Kurban Berdıyevin komandası bu görüşdən sonra 21 xalla 7-ci sırada qərarlaşıb.
Belqrad “Partizan”ı isə Serbiya çempionatının 10-cu turunda evdə “Novi Pazar”ı qəbul edib və 3:1 hesabıyla üstün olub. Hesabı 22-ci dəqiqədə Skepoviç açıb. 55-ci dəqiqədə Markoviç hesabı artırıb. Bundan iki dəqiqə sonra isə Skepoviç dublunu rəsmiləşdirib. Qonaqlar yalnız bu qollardan birinin əvəzini çıxa biliblər. “Neftçi”nin rəqibi 27 xalla turnir cədvəlinə başçılıq edir.
