29 oktyabr 2012 12:23
Xəzər Lənkəran üçün 20-ci ölkədən 75-ci qolçu
“Qarabağ”la Topaz Premyer Liqasının X turundakı oyun Dimitrios Sialmasın “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, o, klub tarixində fərqlənən 75-ci oyunçudu.
Sialmas “Xəzər Lənkəran” üçün qol vuran ilk yunanıstanlı legioner oldu. İndiyədək bu komandada fərqlənən 27 yerli futbolçu ilə yanaşı 48 əcnəbi də rəqib qapısına yol tapıb. Onlar 20 müxtəlif ölkəni təmsil edir. Bu siyahıda 20-ci ölkə məhz Yunanıstan oldu: Rumıniya 12, Braziliya 8, Bolqarıstan, Türkiyə hərəsi 4, Albaniya, Kosta Rika, Serbiya, Portuqaliya hərəsi 2, Argentina, Fransa, Honduras, Kolumbiya, Fil Dişi Sahili, Moldova, Mali, Nigeriya, Sloveniya, Syerra Leone, Xorvatiya, Yunanıstan hərəsi 1.
Dimitrios 1 deyil, 2 qola imza atdı. Bu, cari mövsüm XL-da 2-ci dubl oldu. Bunadək Manuel Skarlatake 1 matçda 2 qolun müəllifi olmuşdu.
“Xəzər Lənkəran”ın 8 illik tarixində 63-cü dublun müəllifi olan Sialmas özü üçün ilkə imza atdı. O, komandasında dubl edən 34-cü futbolçu kimi tarixə düşdü. Bu 63 dubldan 42-si Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Yunanıstanlı dubl müəllifi olan 19-cu legioner olmaqla gəlmələrin 29-cu belə uğuruna imza atdı.
