30 oktyabr 2012 13:14
Klub prezidenti 5 oyunluq cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Tərəqqi” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Tərəqqi”nin futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 77-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Emin Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
MOİK – “Bakılı” matçının 29-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. “Bakılı”nın prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
İclasda həmçinin Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 10-cu turunun bir oyunu ilə də bağlı qərar çıxarılıb. Belə ki, “Simurq” – AZAL matçının 28-ci dəqiqəsində AZAL-ın futbolçusu Elməddin Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
