30 oktyabr 2012 11:44
Xəzər Lənkəranda çoxları üçün əlamətdar tur
Topaz Premyer Liqasının X turunun “Qarabağ”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, matçın sonlarında oyuna daxil olan Akif Tağıyev ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirdi.
19 yaşlı futbolçu “Xəzər Lənkəran”ın rəsmi matçlarının iştirakçısı olan 152-ci futbolçu kimi tarixə düşdü. Belə ki, bu qarşılaşmayadək XL-da oynamaq 151 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Akifə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas bunu bacarıb. İndiyədək 92 legioner bu komandanın şərəfini qoruduğundan 152-ci oyunçu olan Tağıyev həm də 60-cı yerli futbolçu olub.
“Qarabağ”la qarşılaşma Akif kimi daha 3 futbolçu üçün əlamətdar olub. “Xəzər Lənkəran”ın müdafiəçisi Radomir Todorov cənub təmsilçisinin heyətində 150-ci matçına çıxıb. 2007/08 mövsümündə komandaya transfer olunan Todorov 2011-ci il istisna olmaqla “Xəzər Lənkəran”da çıxış edib. Todorov klub tarixində 150-yə çatan 5-ci oyunçu olub. Ona qədər Rahid Əmirquliyev (202), Alim Qurbanov (177), Kamran Ağayev (161), Rəşad Abdullayev (155) bunu bacarmışdı. Radomir 2007-ci il iyulun 17-də Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə Bakıdakı matçında (1:1) ilk dəfə “Xəzər Lənkəran” forması geyib.
Daha 2 futbolçu ağdamlılarla qarşılaşmada yubiley qeyd edib. Manuel Skarlatake “Xəzər Lənkəran”da 30-cu, Sadio Tounkara 25-ci matçını keçirib.
