30 oktyabr 2012 00:08
İlk dövrənin sonu və ya liderlə çempionu üz-üzə gətirən tur
Bu gün futbol üzrə Topaz Premyer Liqasında 11-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, bu turun görüşləri iki gün ərzində keçiriləcək.
Turun açılış matçında “İnter” “Kəpəz”i qəbul edəcək. Hazırda ikinci pillədə qərarlaşan “bankirlər” turnir cədvəlinin zirzəmisində olan gəncəlilərlə duelin əsas favoriti hesab olunur. Lakin arabir sürpriz nəticələrə imza atan Mahmud Qurbanovun komandası paytaxtdan ən azı bir xalla dönə bilər. Kaxaber Tsxadadzenin komandası isə lider “Simurq”un xal itirəcəyi halda zirvəni ələ keçirmək şansına malik olduğundan, bu fürsəti boşa verməsi inandırıcı görünmür.
Günün digər matçında AZAL “Bakı”nı qəbul edəcək. Son dövrlər hər iki paytaxt təmsilçisi qeyri-sabit çıxışı ilə diqqət çəkir. Xüsusilə Bojidar Bandoviçin komandası cari mövsümdə ikinci qələbəsini heç vəchlə rəsmiləşdirə bilmir. Bu qarşılaşmanın səfərdə keçiriləcəyini nəzərə alsaq, “zolaqlılar”ın qələbə həsrətinin daha bir tur uzanması istisna deyil. Vaqif Sadıqovun komandası isə son uğursuzluaqları unutdurmaq üçün mütləq derbidən qalib ayrılmalıdı.
Hesabat turunun digər qarşılaşmaları ikinci oyun gününə təsadüf edəcək. “Xəzər Lənkəran” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Yunis Hüseynovun komandası bu görüşün favoritidi. Amma “Sumqayıt”ın rəqibinə asan xal verməyəcəyi bəllidi. Bu komandanın cari mövsümdə artıq son çempion “Neftçi”ni, kubokun qalibi “Bakı”nı məğlub etməsi “ağ-yaşıllar”ı da ehtiyatlanmağa vadar etməyə bilməz. Digər tərəfdən komandaların turnir cədvəlində qonşu olması da görüşə əlavə prinsipiallıq qatır.
Son turların sürpriz komandası “Turan” bu dəfə “Rəvan”ı qəbul edəcək. Əfqan Talıbovun gəlişindən sonra öncə AZAL, sonra da “Qəbələ” üzərində sürpriz qələbələrə imza atan tovuzlular bu dəfə eyni aqibəti “Rəvan”a yaşatmaq iddiasındadı. Amma “aslanlar” da Tovuza məğlub olmaq üçün getmir. Kemal Alispahiçin yetirmələri son turda “Neftçi”yə qalib gəldiyindən, uğurunun davamını gətirmək istəyir. Hər halda bu komandaların dueli az maraq doğurmur.
Son turun məğlubları - “Qarabağ”la “Qəbələ” də bir-biri ilə münasibətlərinə aydınlıq gətirəcək. Mərkəzi arenada baş tutacaq görüşdə hər iki komanda azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaq. Turun ən prinsipial görüşlərindən biri hesab olunan qarşılaşma ağdamlılar üçün liderlər qrupunda qalmaq, qəbələlilər üçün isə bir qədər yuxarılaraq qalxmaq baxımından önəmlidi.
Turun mərkəzi görüşündə isə son çempion “Neftçi” hazırkı lider “Simurq”la qarşılaşacaq. Zaqatala klubu liderliyinin təsadüfi olmadığını isbatlamaq, həmçinin zirvədəki mövqeyini qorumaq üçün “ağ-qaralar”la görüşdə ən azı uduzmamalıdı. Böyükağa Hacıyevin komandası isə son turda gözlənilmədən “Rəvan”a məğlub oldu. Bu üzdən də ölkə çempionu azarkeşləri qarşısında bəraət qazanmaq üçün çempionatın liderini məğlub etməyə borcludu.
Sonda onu da bildirək ki, bu turun oyunları ilə Premyer Liqanın birinci dövrəsinin oyunlarına yekun vurulacaq. Lakin dövrənin bəzi görüşləri təxirə salındığından, həmin oyunlar bir qədər sonra keçiriləcək.
Topaz Premyer Liqası
11-ci tur
30 oktyabr (çərşənbə axşamı)
“İnter” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Ramiz Əsədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Səfər Haşımov
“Şəfa” stadionu, 18:00
AZAL – “Bakı”
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
AZAL Arena, 19:00
31 oktyabr (çərşənbə)
“Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Namiq Hüseynov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Nüvər Xasıyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00
“Neftçi” – “Simurq”
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:00
“Turan” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Munis Abdullayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu, 15:00
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Gülağa Cabarov
T.Bəhramov adına Respublika stadionu, 15:00
| 1 | Simurq | 10 | 5 | 4 | 1 | 12 | 4 | +8 | 19 |
| 2 | İnter | 9 | 4 | 4 | 1 | 8 | 4 | +4 | 16 |
| 3 | Qarabağ | 10 | 3 | 5 | 2 | 12 | 11 | +1 | 14 |
| 4 | Turan | 10 | 4 | 1 | 5 | 10 | 13 | –3 | 13 |
| 5 | AZAL | 9 | 3 | 4 | 2 | 14 | 9 | +5 | 13 |
| 6 | Rəvan | 10 | 3 | 3 | 4 | 10 | 12 | –2 | 12 |
| 7 | Neftçi | 7 | 4 | 0 | 3 | 13 | 9 | +4 | 12 |
| 8 | XL | 9 | 3 | 3 | 3 | 12 | 8 | +4 | 12 |
| 9 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 9 | 17 | –8 | 11 |
| 10 | Qəbələ | 10 | 2 | 4 | 4 | 9 | 12 | –3 | 10 |
| 11 | Bakı | 8 | 1 | 6 | 1 | 7 | 6 | +1 | 9 |
| 12 | Kəpəz | 10 | 2 | 2 | 6 | 7 | 18 | –11 | 8 |
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
5 – Xuan Manuel Varela (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Riçard Almeyda (Qarabağ).
7 - Junior Nildo (AZAL)
5 – Xuan Manuel Varela (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Riçard Almeyda (Qarabağ).
