31 oktyabr 2012 15:16
Zeynal Məmmədov: Bojidar Bandoviçin hələ vaxtı var
Azərbaycanın ən titullu klublarından biri olan “Bakı” hazırda çətin günlərini yaşayır. Azerisport.az xəbər verir ki, geridə qalan 9 oyunda cəmi 1 qələbəsi olan “zolaqlılar” ötən gün səfərdə AZAL-a məğlub oldu.
Bu məğlubiyyətdən sonra komandanın baş məşqçisi Bojidar Bandoviçin istefası ilə bağlı xəbərlər daha da geniş vüsət almağa başladı. Məhz bu üzdən paytaxt klubunun baş meneceri Zeynal Məmmədovun sözügedən məsələyə münasibətini öyrənməyə çalışdıq.
“Bakı” dünənki kimi oynamamalıdı. Bunu Bandoviç də başa düşməlidi, futbolçular da. Baş məşqçinin vəziyyətdən çıxmaq üçün hələ vaxtı var. Ən azından qış fasiləsinə kimi. Daha bu qədər xal itkisi bəs edər. Çünki “Bakı” ölkə çempionatında hələ bu qədər zəif çıxış etməmişdi”.
Məmmədov komandanın zəif çıxışına görə bütün komandanı, xüsusilə hücum xəttini ittiham edib: “Başa düşmürəm ki, onlar qol vurulandan sonra niyə arxada oturdular. Hücum etmək lazım idi, daha müdafiədə oturmaq yox. Futbolçlarımızın hücum xəttindəki çıxışı mənim xoşuma gəlmir. Belə oynamaq olmaz”.
Maraq üçün qeyd edək ki, “Bakı”nın ehtiyatda “Neftçi” və “Xəzər Lənkəran”la oyunları da var. Yalnız bu oyunlarda qələbə qazanacağı halda komanda turnir cədvəlindəki durumunu yaxşılaşdıra bilər. Amma sözügedən görüşlər dekabr ayında baş tutacaq. Bandoviçin həmin vaxta qədər postuna qalıb-qalmayacağı isə sual altındadı. Çünki növbəti uğursuzluqlar artıq serbiyalı mütəxəssisin postuu tərk etməsi ilə nəticələnə bilər.
