1 noyabr 2012 16:29
“Hədəfim Neftçinin tarixinə düşməkdi”
“Neftçi”nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 11-ci turunun “Simurq”la oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. O, komandasının çıxışını belə dəyərləndirib:
“Oyunumuzdan razı qaldım. Biz güclü rəqiblə mübarizə apardıq. Amma istədiyimiz nəticəni əldə etməyi bacardıq. Çünki qələbə bizim üçün çox vacib idi. Özü də son turdakı qələbədən sonra”.
“Oyunumuzdan razı qaldım. Biz güclü rəqiblə mübarizə apardıq. Amma istədiyimiz nəticəni əldə etməyi bacardıq. Çünki qələbə bizim üçün çox vacib idi. Özü də son turdakı qələbədən sonra”.
Çilili hücumçu komandasının son dövrlərdə ağır qrafiklə oynamasından şikayətlənib: “Belə təqvimlə oynamaq çox çətindi. Həmçinin ehtiyat oyunçular skamyamız da geniş deyil. Bu üzdən bəzi futbolçular əvəzlənmədən oynamaq məcburiyyətində qalır. Bu isə təsirsiz ötüşmür”.
Kanales Zaqatala klubu ilə oyundakı dublundan da danışıb: “Şadam ki, iki qol vura bildim. Ona da şadam ki, bu qollar komandama qələbə qazandırdı”.
Çili yığmasının hücumçusu “Neftçi”də uyğunlaşma ilə bağlı problem yaşamadağını söyləyib: “Fikrimcə, bu proses artıq arxada qalıb. Əvvəllər məni az qol vurduğuma görə tənqid edirdilər. İndi isə qollarımı sıralamağa başlamışam. Bunun davamını gətirməyi hədəfləmişəm. Avropa Liqasında da qol vurmağı çox istəyirəm. Hədəfim “Neftçi”nin tarixinə düşməkdi. Komandamızın Avroliqadakı bombaridiri olmaq istəyirəm”.
Kanales qarşıdakı “Qəbələ” ilə oyuna da toxunub: “Şübhəsiz ki, işimiz asan olmayacaq. Bu komanda ilə oyuna qədər vaxtında bərpa olunmalı, yaxşı hazırlaşmalıyıq. Növbəti qələbəmizi rəsmiləşdirmək istəyirik”.
Nikolas sonda Çili və Azərbaycan çempionatlarını da müqayisə edib: “Fikrimcə, Çilidə “texnikaya” daha çox önəm verilir. Azərbaycanda isə əks-hücum və güc futboluna üstünlük verirlər”.
