1 noyabr 2012 00:46
Yunis Hüseynovun Xəzər Lənkəran ilə yolları rəsmən ayrıldı
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutan "Sumqayıt" - "Xəzər Lənkəran" oyunundan sonra cənub klubunun rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub.
İclasın yekununda "Xəzər Lənkəran" Futbol Klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi Yunis Hüseynova məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Həmçinin klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunana qədər futbolçuların hazırlığı müvəqqəti olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.
