2 noyabr 2012 00:45
Dodo: Artıq Neftçi ilə oyuna köklənmişik
6 oyun idi qələbə qazana bilməyən “Qəbələ” son turun çətin səfər oyununda “Qarabağ”ı məğlub etməklə uğursuz seriyaya son qoydu. Azerisport.az xəbər verir ki, bu, həm də komandanın cari mövsümdə qazandığı ilk səfər qələbəsi kimi tarixə düşdü.
Təbii ki, 3 xalın əldə olunmasında matç boyunca aktivliyi ilə seçilən və ikinci qolun müəllifi olan Dodonun böyük rolu oldu. Qarşılaşamadan sonra fikirlərini bölüşən futbolçu artıq qələbəni unutduqlarını söyləyib:
“Qələbə qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm. Uzun zaman idi ki, yaxşı oyun nümayiş etdirsək də, qələbə qazana bilmirdik. Yeni baş məşqçinin gəlişindən sonra həm fiziki, həm də psixoloji cəhətdən inkişaf edirik. “Qarabağ” üzərində qələbə özünəinamımızı bərpa etdi. Komanda olaraq yaxşı çıxış etdik və layiq olduğumuz qələbəni aktivimizə yazdıq. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya – “Neftçi” ilə matça köklənmişik. Rəqibimiz güclü olsa da, yalnız qələbə barədə düşünürük. İnanıram ki, bu oyunda da istədiyimiz nəticəni əldə edib uğurlu seriyanı yaxalayacağıq”.
