3 noyabr 2012 11:56
Topaz Premyer Liqası, 12-ci tur: Mehman Allahverdiyevin proqnozu
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Kəpəz – Bakı
Hər iki komanda qələbə qazana bilər. Çünki hər ikisi son pillələrdə gedir “Kəpəz”ə də, “Bakı”ya da 3 xal hava-su kimi lazımdı. Amma sonda heç-heçə qeydə alınacağını gözləyirəm.
Qəbələ - Neftçi
Bu oyuna da proqnoz vermək bir qədər çətindi. Əlbəttə, “Qarabağ” üzərindəki qələbədən sonra qəbələlilərdə əhval-ruhiyyə daha yaxşıdı. Amma unutmaq lazım deyil ki, “Neftçi” hazırda Ağdam klubundan daha güclüdü və “Qəbələ”yə bu komanda ilə mübarizə aparmaq çətin olacaq. Heç-heçə olmalıdı.
Sumqayıt – İnter
“Sumqayıt”ın son turda “Xəzər Lənkəran”la oyununu izləmişəm. Komanda çox yaxşı oynadı. Çoxlu qol vəziyyətləri yaratdılar. Sadəcə, ələ düşən qol epizodlarından yaxşı yararlana bilmirdilər. Amma “İnter”lə qarşılaşmada onların işi çətin olacaq. Paytaxt klubu qələbə qazanmalıdı.
Qarabağ – AZAL
Son turda məğlub olmasına baxmayaraq, bu dəfə “Qarabağ”ın qələbə qazanmaq şanslarının yüksək olduğunu düşünürəm. AZAL mövsümə çox yaxşı başlayıb. Yaxşı futbol sərgiləyirlər. İlk dövrədə keçirilən ev oyununda da Ağdam təmsilçisini darmadağın etmişdi. Amma bu dəfə “Qarabağ”ın 3 xal qazanacağını düşünürəm.
Xəzər Lənkəran – Rəvan
Cənubluların baş məşqçisi olmasa da, onların uduzacağını düşünmürəm. “Rəvan” da normal komandadı. Amma onlar “Xəzər Lənkəran”ı məğlub edəcək qədər güclü deyillər. Lənkəranlılar qələbə qazanacaqlar.
Turan – Simurq
Tovuz klubu son üç oyununda 7 xal toplayıb. Bu, komandanın yüksəlişdə olmasından xəbər verir. Ənənəvi olaraq, bu komanda evində daha yaxşı oyun sərgiləyir. Bütün komandalar Tovuzda çətinliklərlə üzləşirlər. Ona görə də “Turan”ın qalib gələcəyini düşünürəm.
