5 noyabr 2012 14:38
Neftçi portuqaliyalı qapıçı ilə müqavilə bağlayır
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” yeni qapıçı ilə müqavilə bağlaya bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun portuqaliyalı Joze Moreyranı heyətinə qatması gözlənilir.
Bu barədə məlumatı saytımıza “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də təsdiqləyib: “Moreyra bizdə baxışda olmuşdu. Təcrübəli qapıçıdı, 30 yaşı var. Düzdü, biz Saşa Stamenkoviçdən razıyıq. Amma ona əvəzləyici lazımdı”.
Qeyd edək ki, Moreyra 1982-ci ildə Massarelyosda anadan olub. 1999-2001-ci illər aralığında “Benfica”nın B komandasında 31 oyuna çıxıb. 2001-2011-ci illər aralığında isə “Benfica”nın əsas heyətində 112 oyun keçirib. O, 2011-2012 mövsümündə də “Swansea City” klubuna transfer olsa da, burda oyun keçirməyib.
Portuqaliyanın aşağı yaşı qruplarından ibarət yığmalarında çoxlu oyun keçirən Moreyra əsas millidə də bir dəfə çərçivəni qoruyub.
