5 noyabr 2012 15:26
“Həmişə danışıb-qışqıracağam”
Azerisport.az sizi birinci divizionda çıxış edən “Tərəqqi”nin qapıçısı Ramil Kərimovun müsahibəsi ilə tanış edir:
- Ramil, işlər necə gedir?
- Sağ olun, yaxşılıqdı. Çempionata yaxşı başlamışıq ki, bu da bizi sevindirir. Klubda hər şey normaldı, işlərimiz şükür ki, öz qaydasında gedir. Əhval-ruhiyyəmiz əladı. Məşqlərimiz yaxşı səviyyədə davam edir. Oyunlarımızı uğurla keçirib, çempionatı yüksək yerlərdə tamamlamaq istəyirik.
- “Tərəqqi” səfərdə keçirdiyi oyunlarda inamlı təsir bağışlasa da, Gəncədə 2 dəfə uduzub. Bu, nə ilə bağlıdı?
- Evdə öz səhvlərimizdən hər iki oyunda məğlub olduq. Günahı tək bir adamın adına bağlamaq düzgün deyil. Futbol kollektiv oyundu və meydana çıxan hər bir futbolçu komanda üçün oynayır. Zəif təsir bağışlayıb “Ağsu” və “Şahdağ”a uduzduq. Bundan nəticə çıxarmalıyıq. Çalışmalıyıq ki, gələcəkdə eyni səhvləri təkrar etməyək. Qarşımıza qoyulan məqsədə nail olmaq üçün səylə işləməliyik.
- Oyun ərzində səni daha çox danışıb, komanda yoldaşlarına qışqıran görürük...
- Bu, qapıçılara xas olan bir xüsusiyyətdi. Mən hec vaxt uduzmağı bacarmamışam. Bunu həzm edə bilmirəm. Ona görə də uşaqlara tez-tez qışqırıram. Mən həmişə danışıb-qışqıracağam (gülür). Yoldaşlarımı mübarizəyə səsləmək, məncə, pis addım deyil.
- Azarkeşlərə sözün…
- Bütün “Tərəqqi”sevənləri stadiona dəvət edirəm. Gəlsinlər, oyunlarımıza baxsınlar, dəstək versinlər. Komandanın pis və yaxşı günlərində bizimlə birlikdə olsunlar. Sağ olsunlar fanatlar stadioan gəlirlər. Bizim uğurlarımız da onların da əməyi böyükdü. Oyunlara gəlməyənlərə də burdan səslənirəm ki, bizə dəstək olmağa gəlsinlər.
