5 noyabr 2012 12:25
“Bunda baş məşqçinin böyük əməyi var”
Topaz Premyer Liqasının 12-ci turunda “Qəbələ”nin “Neftçi” üzərindəki qələbəsinin memarlarından olan Lorival Assis matçdan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu qələbədə pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:
“Neftçi” ilə oyunun çox çətin keçəcəyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq və meydançaya yalnız qələbə üçün çıxmışdıq. Mənsə görüşdə həmişə olduğu kimi qol vurmağa və assistentlik etməyə çalışırdım. Bu dəfə qol vurmaqla komandama kömək etdim. Qoldan sonra çox gözəl hisslər keçirdim. Komandanın qələbəyə ehtiyacı olduğu bir vaxtda istənilən nəticənin əldə olunmasında pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Biz həqiqətən qələbəyə layiq idik. Bütün futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldi. Son iki oyunda “Qəbələ” gözəl oyun nümayiş etdirir. Bunda baş məşqçinin böyük əməyi var. O, böyük insandı. Hər şeyə ürəkdən yanaşır. İnanıram ki, gələcək oyunlarımızda da uğurlu seriyanı davam etdirəcəyik və mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşacağıq”. (klub saytı)
