6 noyabr 2012 18:36
Kamran Quliyev: Orxan Əliyev Portodan öncə Liverpoola da keçə bilərdi
“Sumqayıt”ın hücumçusu Orxan Əliyevin Portuqaliyanın “Porto” klubuna baxışa çağırıldığını xəbər vermişdik. Məhz bu məsələ ilə əlaqədar olaraq Sumqayıtın eyni adlı təmsilçisinin prezidenti Kamran Quliyevlə söhbətləşdik.
O, 17 yaşlı futbolçuya “Porto” klubu tərəfindən olan marağı belə dəyərləndirib: “Düzünü deyim ki, bu futbolçu ilə çoxdan maraqlanırlar. Hələ yayda Türkiyədə təlim-məşq toplanışında olarkən “Trabzonspor” klubunun rəsmiləri bizimlə əlaqə yaratdılar. Bundan əlavə Orxanın 17 yaşlılardan ibarət yığmamızın heyətində keçirdiyi oyunlardan da videoyazılar internetdə az deyil. Komandamız Qazaxıstan və Moldovada uğurlar qаzananda Əliyev yığmanın əsas liderlərindən biri idi. Özü də ona maraq təkcə xarici klublardan deyil. Ölkənin ən güclü komandaları da onu heyətində görməkdə maraqlıdı. Amma Orxanla müqaviləmizin müddəti 2014-cü ildə bitəcək. FİFA agenti Vaqif Heydərli bizə xarici klubdan maraq olduğunu deyəndə, razılaşdım. “Porto”dan öncə Orxan hətta “Liverpool”a da baxışa gedə bilərdi. Sadəcə, həmin vaxt alınmadı”.
Quliyev “Porto”dan rəsmi müraciətin bu ay olunduğunu deyir: “Noyabrın 2-də “Porto”nun rəsmisi Joao Afonsodan məktub gəldi. Onlar Orxanın “Neftçi”yə qarşı oyunlarını izləyiblər. Buna görə də onu baxışa dəvət ediblər. Biz də razılaşdıq və Orxan Vaqiflə birgə Portuqaliyaya yola düşdü”.
“Sumqayıt”ın prezidenti Əliyevin “Porto”ya mümkün keçidindən də danışıb: “Onun heç 17 yaşı yoxdu. Bu, bir qədər müqavilə bağlamağa problem yaradır. Təbii ki, belə bir keçid mümkün olsa, onun ailəsinin Portuqaliyaya getməsi də mümkündü. Çünki 18 yaşı 2013-cü ildə tamam olacaq. Amma onun xaricə getməsi üçün əlimizdən gələni edəcəyik”.
Lakin Quliyev bu yolda ilk növbədə “Porto”nun Orxanı bəyənməsinin vacibliyini vurğulayır: “Əgər belə bir titullu klub futbolçumuzla müqavilə bağlasa, bu, Azərbaycan futbolunun reklamı olacaq. Amma biz özümüz bunda xüsusi qazanc məqsədi güdmürük”.
