8 noyabr 2012 00:14
İlk qələbə və qisas üçün!
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablı heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı. “Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı – 1:1. Lakin təəssüf ki, “ağ-qaralar” bu uğurun davamını Milan “İnter”i ilə ev (1:3) və Rusiya “Rubin”i ilə səfər oyununda (1:0) gətirə bilmədi.
Bu gün isə təmsilçimiz “Rubin”lə cavab görüşündə qüvvəsini sınayacaq. Hansı ki, Kazan klubu da “İnter”lə yanaşı H qrupunun əsas favoritlərindən sayılır. Təsadüfi deyil ki, tatarlar ilk görüşünü məhz “İnter”ə qarşı səfərdə keçirmiş və 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Ardından isə doğma divarlar arasında “Partizan”a 2:0, “Neftçi”yə də 1:0 hesabıyla qalib gəlmişdi. İndi “Neftçi” belə güclü rəqiblə görüşdə növbəti sürprizə imza atmağa çalışacaq.
Qeyd edək ki, “Rubin” klubu 1936-cı ildə yaradılsa da, sonradan fəaliyyətini dayandırıb və 1958-ci ildə yenidən bərpa olunub. Komanda ev oyunlarını Kazandakı mərkəzi stadionda keçirir. Arenanın azarkeş tutumu 28500 nəfərdi. “Rubin”ə türkmən mütəxəssis Kurban Berdiyev başçılıq edir. 60 yaşlı baş məşqçi komandanın tarixinə adını qızıl hərflərlə yazdıra bilib. Belə ki, “Rubin” bütün uğurlarını onun rəhbərliyi altında qazanıb. “Rubin”in 64 yaşı olsa da, bütün uğurlarına 2000-ci ildən sonra imza atıb. Komanda 21-ci əsrin əvvəllərindən etibarən 2 dəfə Rusiya çempionluğunu, 3 dəfə bürünc medalları, 2 dəfə ölkə kubokunu, 2 dəfə də Super Kuboku qazanıb.
“Rubin” avrokuboklarda 6 mövsüm keçirib. Kazan klubu keçirdiyi 40 oyundan 13-də qələbə qazanıb, 13-də heç-heçə edib və 14-də məğlub olub. Komanda ilk dəfə avrokubokların qrup mərhələsinə 2009-2010 mövsümündə qatılıb. Çempionlar Liqasının qrupuna düşən Kazan klubu ünlü “Barcelona”nı səfərdə məğlub etməklə sensassiyaya imza atmışdı. Ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində Lion “Olympique”inə yenilən Kurban Berdiyevin yetirmələri Avropa Liqasının 1/32 finalında mübarizəni dayandırmışdı. “Rubin”in heyətində rusiyalı futbolçularla yanaşı, Argentina, İspaniya, Braziliya, Finlandiya, Litva, İtaliya, İsrail, İran, Venesuella və Türkiyədən legionerlər çıxış edir.
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
Qapıçılar: 1. Sergey Rıjikov, 24. Qedryus Arlauskis, 88. Alireza Heqiqi;
Müdafiəçilər: 2. Oleq Kuzmin, 3. Kristian Ansaldi, 4. Sezar Navas, 19. Vitali Kaleşin, 25. İvan Markano, 27. Salvatore Bokketti, 76. Roman Şaronov;
Yarımmüdafiəçilər: 6. Pablo Orbais, 8. Aleksandr Ryazantsev, 10. Alan Kasayev, 11. Karlos Eduardo, 20. Aleksey Yeryomenko, 23. Roman Yeryomenko, 55. Gökhan Töre, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo;
Hücumçular: 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun, 99. Xose Rondon.
Göründüyü kimi, “Neftçi”nin bu dəfəki rəqibi də sıradan bir komanda deyil. Dünyanın ən öndə gedən klublarından olmasa da, son illərdəki inkişafı ilə dıqqət çəkən “Rubin”lə görüş komandamız üçün asan keçməyəcək.
Amma “ağ-qaralar”ın bu rəqibini doğma azarkeşlərinin gözü qarşısında qəbul etməsi komandamızın şanslarını artıran amillərdəndi. Böyükağa Hacıyevin yetirmələri “Rubin”lə görüşdə uğur qazanmaq üçün ilk növbədə rəqibdən qorxub-çəkinməməlidi. İkincisi, komandamızın üzvləri belə bir rəqiblə görüşdə təkcə “Neftçi”yə uğur qazandırmaqla kifayətlənməyəcək. Axı bu görüşü Avropanın aparıcı klublarının skautları ilə yanaşı, həm də bütün dünya izləyəcək. Çünki qarşılaşmanın bir sıra ölkələrdə canlı yayımlanması nəzərdə tutulub. Deməli, “Neftçi”nin həm yerli, həm də əcnəbi futbolçuları bu görüşə eyni zamanda özlərini reklam etmək gözüylə baxaraq, ikiqat əzmlə çalışmalıdılar.
İlk üç oyuna cəmi bir xal qazanmış “Neftçi” üçün “Rubin”lə matçda qazanılacaq qələbə komandamızın qrupdan çıxmaq şanslarını da təsirsiz ötüşməyəcək. Güman ki, rəqib Azərbaycan çempionunu qrupun autsayderi hesab etdiyindən, komandamızı o qədər də qiymətləndirməyəcək. Baxmayaraq ki, kazanlılar doğma meydanda qazandıqları minimal hesablı qələbəni çox çətinliklə əldə etmişdilər.
Komandamızın qələbə qazanması yolunda yeganə çatışmazlıq isə heyətlə bağlı problemlər sayıla bilər. Hələ “İnter”lə görüş öncəsi sıradan çıxan Cavid İmamverdiyev sıraya dönməyib. Bahodir Nasimov, Rodriqinyo da komandasına kömək edə bilmir. Amma ümid edək ki, bütün bu itkilər “Neftçi”nin Rusiya klubu ilə görüşdən qalib ayrılmasına problem yaratmayacaq.
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Milan "İnter"ini qəbul edəcək.
Avropa Liqası
H qrupu
8 noyabr
21:00. NEFTÇİ – RUBİN
Baş hakim: Manuel de Souza
Baş hakimin köməkçiləri: Bertino Miranda, Rui Barbosa Tavares
Dördüncü hakim: Nuno Tomas Pereyra
Baş hakimin əlavə koməkçiləri: Joao Santos Kapela, Joao Lopes Ferreyra
(Hakimlər briqadası Portuqaliyadandır)
UEFA nümayəndəsi: Yanis Mejeçkis (Latviya).
Hakim-inspektor: Suheyl Daood (İsrail).
| 1 | Inter | 3 | 2 | 1 | 0 | 6 | 3 | +3 | 7 |
| 1 | Rubin | 3 | 2 | 1 | 0 | 5 | 2 | +3 | 7 |
| 3 | Neftçi | 3 | 0 | 1 | 2 | 1 | 4 | –3 | 1 |
| 3 | Partizan | 3 | 0 | 1 | 2 | 0 | 3 | –3 | 1 |
