7 noyabr 2012 14:25
“Azərbaycanı yenmək üçün Portuqaliyadakı kimi oynamalıyıq”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi müxtəlif açıqlamalar verməyə davam edir. Azerisport.az xəbər verir ki, o, millimizlə görüş ərəfəsində yenə Portuqaliya ilə son görüşü xatırlayıb və Azərbaycan üzərində qələbə qazanmaq istəklərindən danışıb.
“Portuqaliya ilə oyunumuz çox yaxşı alındı. Biz hətta o qədər yaxşı oynamışdıq ki, futbolçular oyundan sonra son dəqiqələrdə buraxılan qolla əldən gedən qələbəyə görə məyus olmuşdular. Halbuki, Portuqaliya ilə səfərdə heç-heçə bizim üçün çox yaxşı nəticə sayılmalıdı”.
O, Azərbaycanla görüşdə də komandasının məhz oxşar futbolu sərgiləməsini arzuladığını gizlətməyib: “Hamı xal itirə bilər. Amma Portuqaliya ilə səfərdə heç-heçə etdikdən sonra Azərbaycanla ev oyununda xal itirmək bizim üçün uğursuzluq olacaq. Bu üzdən də bizə yalnız qələbə qazanmaq lazımdı. Ən azı Portuqaliyaya qarşı sərgilədiyimiz futbolu nümayiş etdirməliyik”.
O`Nil yığmamızla oyuna çıxaracağı heyətlə bağlı geniş danışmaq istəməyib: “Mən bunu yalnız futbolçularımı məşqlərdə gördükdən sonra cavablandıra bilərəm. Ümid edirəm ki, onlarda hər şey qaydasında olacaq. Eyni zamanda onların öz klublarında çıxış edib-etmədiklərinə də baxmaq lazımdı. Oyun təcrübələri nə qədər çox olsa, bir o qədər yaxşıdı. Mən indi ancaq Azərbaycan üzərində qələbə barədə düşünürəm”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək və “Vinzor Park” stadionunda baş tutacaq.
