7 noyabr 2012 14:57
CSKA-nın sabiq qapıçısı Neftçiyə gələ bilər
Bolqarıstanın CSKA klubunun sabiq qapıçısı Rais Mboli karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az bolqar mətbuatına istinadən xəbər verir ki, sofiyalıların keçmiş çərçivə qoruyucusu ilə “Neftçi” maraqlanır.
Qeyd edək ki, Mboli peşəkar karyerasına 2006-cı ildə “Hearts”da (Şotlandiya) başlayıb. 2006-2007 mövsümündə “Ethnikos”da (Yunanıstan) 5 oyuna çıxıb. 2007-2008 mövsümündə “Panetolikos”da (Yunanıstan) 8 qarşılaşmada forma geyinib. O, 2008-2009 mövsümündə Yaponiyanın “Ryūkyū” klubunda da 22 oyuna çıxmağa imkan tapıb. 2009-2010 mövsümündə isə Mboli Bolqarıstanın “Slavia” (Sofiya) klubuna keçib. Burda 27 oyun keçirən futbolçu 2010-2011 mövsümündə Sofiya CSKA-sına icarəyə verilib. O, burda 10 oyunda çərçivəni qoruyub. 2011-ci ildə Mbolini Rusiyanın “Krılya Sovetov” klubu alıb və o, burda 17 qarşılaşmada oynayıb. 2011-2012 mövsümündə Sofiya CSKA-sı yenidən bu qapıçını icarəyə götürüb. Sofiya klubuna ikinci qayıdışnda daha 28 oyuna çıxan qapıçı hazırda özünə yeni iş yeri axtarır.
1986-cı il təvəllüdlü Mboli ikili vətəndaşlığa malikdi. Uşaq yaşlarında Fransanın U-16 və U-17 yığmalarının şərəfini qorusa da, əsas milli olaraq Əlcəzair komandasını seçib. O, 2010-cu ildən bəri bu yığma ilə 17 oyuna çıxıb.
