8 noyabr 2012 20:25
Birinci divizionun qalibləri mükafatlarına qovuşdular (FOTOREPORTAJ)
Bu gün keçirilən mərasimlə futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümünün qalibləri mükafatlandırılmışdır. Azerisport.az xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Qalibləri təbrik edirəm, bu mövsümdə də komandalara uğurlar arzulayıram. “Qaradağ Lökbatan” və “Neftçala” ötən mövsüm Premyer Liqada iştirak etmək üçün vəsiqə qazandılar. Lakin lisenziyalaşma qaydalarını yerinə yetirmədiklərindən Premyer Liqada iştirak edə bilmədilər. Bundan öncəki mövsüm “Abşeron” klubu qalib olsa da komanda Premyer Liqada iştirak etmədi. Premyer Liqaya vəsiqə qazanan I divizion komandaları üçün müəyyən etdiyimiz pul mükafatı yalnız klubların Premyer Liqada iştirak etməsi halında nəzərdə tutulub. Ona görə də klub rəhbərlərini daha diqqətli olmağa, lazımi lisenziya qaydalarını keçməyə çağırıram. Bu gənc futbolçular hal-hazırda Premyer Liqada oynamalı idilər. Futbolumuzda inkişafdan danışırıqsa, 20 il bu inkişafa qiymət vermək üçün qısa bir zamandır. Bu gün həm də futbol bayramıdır. “Neftçi” klubu Avropa Liqasında növbəti oyununa çıxır. İnanıram ki, “Neftçi” “Rubin” komandasına qalib gələrək hamımızı sevindirəcək. Hər bir komandaya uğurlar arzulayıram”.
Daha sonra futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümündə ikinci yeri tutmuş “Neftçala” və birinci yeri tutmuş “Qaradağ Lökbatan” klubuna müvafiq olaraq gümüş və qızıl medallar təqdim olundu.
Medalların təqdimatından sonra isə futbol üzrə Azərbaycan I divizionunun bombardirləri olmuş “Neftçala” klubunun futbolçusu Aqşin Həşimova və “Şahdağ”ın futbolçusu Zahid Tayibova mükafat təqdim olunmuşdur.
