9 noyabr 2012 11:15
Saşa Stamenkoviç: Artıq Premyer Liqaya köklənməliyik
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Çox təəssüf ki, belə alındı. Fikrimcə, komandamız daha artığına layiq idi. Əgər Flavinyo matçın əvvəlindəki gözəl fürsətdən yararlana bilsəydi, hər şey bizim üçün fərqli də nəticələnə bilərdi”.
Serbiyalı qolkiperin sözlərinə görə, komanda məhz ondan gözlənilən oyunu sərgilədi: “Fikrimcə, biz heç də pis oyun sərgiləmədik. Azərbaycan xalqının gözlədiyi kimi oynadıq. Sadəcə, bəxtimiz gətirmədi. Həm onların, həm də bizim qol vurmaq şanslarımız oldu. Lakin rəqibdən fərqli, biz ələ düşən imkanlardan yararlana bilmədik. Eyni zamanda rəqib komandanın çıxışını da qeyd etmək lazımdı. Kazanlıların çox yaxşı kollektivi var”.
Oyunun gedişində riskli finti ilə yadda qalan Stamenkoviç belə epizodlarda özünə güvəndiyini iddia edir: “Mən rəqib oyunçunun yaxında olduğunu görürdüm. Başa düşdüm ki, bunu edə bilərəm. Ötən gün oxşar epizodda “Şaxtyor”un qapıçısı Pyatov səhvə yol verdi və “Chelsea” bundan yararlandı. Amma mən elə səhv buraxmazdım”.
Saşa qrup mərhələsində uğur qazanmaq şanslarının öncədən də az olduğunu deyir: “Biz bunu gözəl başa düşürdük. “Rubin”lə “İnter” çox güclü klublardı. Kazan təmsilçisi ilə son iki oyun da göstərdi ki, əsl Avropa komandası necə olmalıdı. Artıq “Sumqayıt”lа oyuna köklənməliyik. Daxili çempionata diqqəti artırmaq lazımdı”.
“Neftçi”nin qapıçısı Kazandakı görüşlə müqayisədə Bakıda daha yaxşı oynadıqlarını iddia edir: “Bakıda biz daha yaxşı görünürdük. Flavinyonun əlinə düşən belə imkanları Avropada əldən verəndə, baha başa gəlir. Azərbaycan çempionatında 8-9 belə epizod yara bilərik. Amma burda elə imkanlar az olur və bundan maksimum yararlanmağa borclusan”.
