9 noyabr 2012 12:46
Orxan Əliyev: Porto mənim həyatım üçün önəmli bir şansdı
Xəbər verdiyimiz kimi, futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev Portuqaliyanın “Porto” klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, 16 yaşlı oyunçu sözügedən komandanın məşqçilərinə özünü bəyəndirmək üçün çalışır.
Əliyev “Porto”da baxışda olması ilə bağlı saytımıza açıqlama da verib. O, öncə bunları dilə gətirib: “Artıq bir neçə məşqə çıxmışam. Özümü yaxşı hiss edirəm. Öz gücümə əminəm. Hələlik mənim üçün yalnız dil bilməklə bağlı problem var. Amma məşq zamanı bu, elə də ciddi çətinlik yaratmır. Yerli futbolçular da mənə kömək edirlər. Mən ehtiyat komandada yeganə legioner deyiləm. Seneqallı futbolçu da var. Fikrimcə, uyğunlaşma ilə bağlı ciddi problem olmayacaq. Vaqif Heydərli də mənə kömək edir. O olmasaydı, heç bilmirəm nə edərdim”.
Orxan baxışda olduğu klubun infrastrukturuna heyranlığını gizlətməyib: “Beləsi Azərbaycanda yoxdu. Unikal şəraiti var. Futbolçudan yalnız məşq etmək tələb olunur. Qalan hər şeyi özləri edirlər. Məşqlərlə yanaşı müxtəlif testlərdən də keçirəm. Mənim üçün hətta psixoloq da tutublar, o, fərdi söhbətlər aparır”.
Əliyev “Porto”da qalmaq şanslarından danışarkən, optimistliyini gizlətmir: “Gələn həftənin sonuna qədər burda məşq edəcəm. Daha sonra görüş olacaq ki, həmin danışıqlardan çox şey asılıdı. Fikrimcə, hər şey yaxşı olacaq. Bu komandada qalmağa çalışacağam. Bilirəm ki, hər bir futbolçuya belə yaşda bu cür komandaya düşmək şansı yaranmır. Demək olar ki, bu, bütövlükdə mənim həyatım üçün böyük bir şansdı. Bundan istifadə etməyim lazımdı”.
