10 noyabr 2012 23:15
Millimizin forvardı mövsümün son matçında da oynamadı, klubu medalsız qaldı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında mövsümün sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 36-cı turu çərçivəsində “Metta” ilə görüşüb.
Qarşılaşma səfərdə keçirilirdi. Bu üzdən də liyepayalıların mövsümü major notlarla bitirməsi bir qədər çətin görünürdü. Belə də olub. Həmyerlimizin komandası mövsümün son oyununda minimal hesablı məğlubiyyətlə üzləşib.
Beləcə, Liyepaya klubu mövsümü dördüncü yerdə bitirib. "Metallurg" 36 oyuna 70 xal toplayıb.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, Vüqar son turun oyununda da ehtiyatda qalıb.
Latviya çempionatı
36-cı tur
10 noyabr
Metta – Metallurg - 1:0
