10 noyabr 2012 14:01
Bakı Kamran İsmayılovla yollarını ayırdı, yeni menecer tapdı
"Bakı" futbol klubu Kamran İsmayılovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, əsas komandanın meneceri vəzifəsində çalışan Kamran İsmayılovun klubdakı fəaliyyətinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Maraq üçün xatırladaq ki, Kamran İsmayılov 2010-cu ildən etibarən "Bakı" futbol klubunda çalışırdı. "Bakı" futbol klubu Kamran İsmayılova klubdakı fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Artıq onu kimin əvəzləyəcəyi də bəllidi. Belə ki, Vüqar Hüseynzadə əsas komandanın meneceri vəzifəsinə təyin olunub. Vüqar Güloğlan oğlu Hüseynzadə 22 may 1991-ci il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini İsveçin paytaxtı Stokholmda yerləşən “Yensen Gimnazium Vastra”da alıb. “Sport Business Nordic” (SBN) şirkətində skaut vəzifəsində çalışıb.
2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Boston Universitetində Biznes İdarəçiliyi ixtisasına yiyələnib. 2012-ci ilin fevral ayından etibarən "Bakı" futbol klubunda müşavir kimi fəaliyyət göstərib.
