10 noyabr 2012 15:56
“Neftçi növbəti mövsümdə qrup mərhələsini də keçəcək”
Rusiyanın “Rubin” klubunun futbolçusu Pablo Orbais UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Bizim üçün bu oyunda qələbə qazanmaq böyük önəm daşıyırdı. “Neftçi” özünü yaxşı tərəfdən göstərməyi bacardı. Amma biz çətinliklə də olsa, istəyimizə nail ola bildik”.
Orbaisin sözlərinə görə, “Rubin”in birinci hissədə daha çox qol vurmaq imkanı var idi: “Düzdü, vurulan qoldan sonra “Neftçi” topu ələ keçirdi və üstünlüyə yiyələndi. Lakin bizim üçün əsas qələbə qazanmaq idi ki, bunu da qoruyub saxlaya bildik”.
Pablo “Neftçi”nin futbolçularından da danışıb: “Bir futbolçu mənim daha çox xoşuma gəldi. Amma təəssüf ki, onun nömrəsini yadımda saxlaya bilməmişəm. O, topla yaxşı davranırdı, təhlükəli futbolçu idi. Flavinyo da pis oynamadı”.
Orbais Kazandakı qarşılaşma ilə Bakıda görüşü də müqayisə edib: “Bu dəfə rəqib topa daha çox nəzarət edirdi və üstünlüyə malik idi. Biz bilirdik ki, “Neftçi” doğma meydanda məhz belə oynayır. Ona görə də, Bakıdakı görüşün daha çətin keçdiyini düşünürəm”.
İspaniyalı xavbek bildirib ki, bakılılar növbəti mövsümlərdə daha böyük uğurlar qazana bilərlər: “Neftçi” yaxşı təsir bağışladı. Fikrimcə, bu komanda növbəti mövsümdə qrup mərhələsini də keçə biləcək”.
