12 noyabr 2012 02:15
İnter məğlub oldu, Rubin və Partizan qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə İtaliya, Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klublar da növbəri sınaqlarına çıxıblar.
Belqrad “Partizan”ı Serbiya Super Liqasının 12-ci turunda evdə “Radnicki” ilə üz-üzə gəlib. 24-cü dəqiqədə İvanovun, 50-ci dəqiqədə isə Markoviçin vurduğu qollar paytaxt klubuna 2:0 hesablı qələbə qazandırıb. "Partizan" hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir.
Kazan “Rubin”i Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində doğma divarlar arasında “Krılya Sovetov”la qarşılaşıb. Kazan təmsilçisi də 2 cavabsız qolla qalib gəlib. 6-cı dəqiqədə Şaronov, 84-cü dəqiqədə isə Natxo (penaltidən) fərqlənib. "Rubin" hazırda 27 xalla 6-cı sırada qərarlaşıb.
Milan “İnter”i isə A Seriyasının 12-ci turu çərçivəsində səfərdə “Atalanta”nın qonağı olub. Görüş "neradzurra"nın 2:3 hesablı yenilgisi ilə başa çatıb. Qonaqların qollarını Quarin (56) və Palasio (84) vurub. "İnter" hazırda 12 oyuna 27 xalla 2-ci yerdə gedir.
