11 noyabr 2012 12:16
Azərbaycan çempionatında daha bir qalmaqal
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu turun ötən gün keçirilən MOİK – “Qaradağ Lökbatan” oyununda qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, “Ədliyyə” stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Məhz bu xal itkisindən sonra qonaq komandanın rəhbərliyi baş hakim Anar Niyazovun üzərinə hücum çəkib. Nəticədə meydançada əlbəyaxa dava düşüb. Hadisəyə polis müdaxilə edib. Amma onlar çox çətinliklə qalmaqalın qarşısını ala biliblər. İnsident zamanı saxlanılanların olduğu da qeyd edilir. Onlardan biri “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev olub. O, qısa müddətdən sonra buraxılıb.
Qeyd edək ki, baş verənlərə gələn həftə AFFA İntizam Komitəsinin iclasında hüquqi qiymət veriləcək və günahkarlar sərt şəkildə cəzalandırılacaq.
