11 noyabr 2012 12:46
Jalgiris fanatlarından İnter ilə oyunda Neftçiyə dəstək
Litvanın “Jalgiris” (Kaunas) basketbol klubunun azarkeşləri futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan çempionu “Neftçi” ilə İtaliya “İnter”i arasındakı oyunu canlı izləmək istəyirlər. Bu barədə azerisport.az saytının Litvadakı əməkdaşına “Green White Boys” azarkeş qrupunun lideri Yonas Paunksnis məlumat verib.
Dekabrın 7-də “Jalgiris” basketbol üzrə Avroliqa yarışları çərçivəsində Milanın “Armani” klubunun qonağı olacaq. Bu üzdən də sözügedən komandanın azarkeşləri bir gün öncə baş tutacaq “İnter” – “Neftçi” matçına da getməyi planlaşdırırlar. Özü də komandamıza azarkeşlik etmək üçün.
Qeyd edək ki, “İnter”lə “Neftçi” arasındakı oyun dekabrın 6-da “Cüzeppe Meatsa” stadionunda keçiriləcək.
