12 noyabr 2012 15:26
Qurban Qurbanov: Mən Əfran İsmayılovu başa düşməyə çalışıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın yarımmüdafiəçisi Əfran İsmayılovun heyətdən kənarlaşdırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Əfran yaxşı futbolçudu. O, indi başqa komandada oynamaq istəyir. Bu barədə görüşümüzdə xəbər tutdum. Bir-birimizi başa düşdük. O, artıq bizim futbolçumuz deyil. Özünə yeni klub tapa bilər. Çünki onu transferə çıxarmışıq”.
“Əfran yaxşı futbolçudu. O, indi başqa komandada oynamaq istəyir. Bu barədə görüşümüzdə xəbər tutdum. Bir-birimizi başa düşdük. O, artıq bizim futbolçumuz deyil. Özünə yeni klub tapa bilər. Çünki onu transferə çıxarmışıq”.
Qurban İsmayılovu məhz indi heyətdən kənarlaşdırmasının səbəbini belə izah edib: “Əgər futbolçu başqa kluba getməyə qərar veribsə, fikrində ancaq yeni klubudusa, onu saxlamağın mənası yoxdu. O, belə halda “Qarabağ”a kömək edə bilməz. Ona görə də mən dedim ki, artıq məşqlərimizə də gəlməsin”.
“Qarabağ”ın çalışdırıcısı etiraf edib ki, klub artıq İsmayılova əvəzləyici axtarmağa başlayıb: “Biz artıq menecerlərə tapşırmışıq ki, bu mövqeyə bizim üçün yeni futbolçu axtarsınlar. Bilirəm ki, bu, çətin olacaq. Çünki dekabrda müqaviləsi başa çatan futbolçu tapmaq az olur. Yeni futbolçu tapa bilməsək də belə, gənclərin xidmətindən yararlanmağa çalışacağıq”.
Qurbanov Əfranın hansı kluba keçəcəyindən xəbərsiz olduğunu bildirib: “Onun harda oynayacağı məni o qədər də maraqlandırmır. Mətbuatda bir neçə klubun adı çəkilir. Amma yenə də deyirəm ki, bunlar mənim üçün maraqsızdı. O, “Qarabağ”da tanınıb. Məhz bu komandadan yığmaya dəvət olunmağa başlayıb. Mən Əfranı başa düşməyə çalışıram”.
Ağdam klubunun baş məşqçisi son dövrlər aparıcı futbolçularının digər yerli klublara keçməyə başlamasına da münasibət bildirib: “Bu, futboldu, burda belə şeylər olur. Heç kim futbolçusuna başqa kluba keçməyi qadağan edə bilməz. Amma istərdim ki, futbolçular belə məsələləri transfer pəncərəsi açılan dövrdə etsinlər, daha mövsümün gedişində yox. Bizə çətin olacaq. Amma ümid edirəm ki, bu problemi yoluna qoya biləcəyik”.
