13 noyabr 2012 00:45
Azərbaycan Şimali İrlandiya ilə oyun öncəsi daha iki futbolçusunu itirə bilər
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun öncəsi daha iki futbolçusunun xidmətindən məhrum olmaq təhlükəsiylə üz-üzədi. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts iki yarımmüdafiəçinin – Aleksandr Çertoqanovla Elvin Məmmədovun xidmətindən yararlana biləcəyinə hələlik əmin deyil.
Çünki hər iki futbolçu millimizin son məşqində zədə alıb. Lakin həkimlər bu zədələrin ciddi olmadığını və onların qarşıdakı oyuna qədər tam hazır olacaqlarını deyirlər.
Qeyd edək ki, yığmamızın heyətində xeyli itkilər var. Belə ki, Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev kimi aparıcı futbolçularla yanaşı, Aqil Nəbiyev, Rizvan Umarov, Murad Ağayev, Əfran İsmayılov da Belfasta aparılmayıb.
Şimali İrlandiya – Azərbaycan oyunu sabah Belfastdakı “Vindzor Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
