13 noyabr 2012 15:09
AFFA klub prezidentini 5 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Tərəqqi” – “Şuşa” matçında “Tərəqqi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
MOİK – “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində MOİK-in futbolçusu Ramin Tanrıverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ Lökbatan”ın futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilib. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilib.
Oyun başa çatdıqdan sonra “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat verilməsi tələb olunub.
“Lokomotiv” – “Şəmkir” matçının 20-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Ələkbər Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
