13 noyabr 2012 15:36
İnter, Simurq və Turana texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə 17, 16 və 15 yaşlılar arasında keçirilən Azərbaycan çempionatının (U-17 Liqa, U-16 Liqa, U-15 Liqa) son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
U-17 Liqanın “İnter” – “Bakı” matçının 80+1-ci dəqiqəsində “Bakı”nın futbolçusu Azamat Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-16 Liqanın “Bakı-008” – “Neftçi” matçının 52-ci dəqiqəsində “Bakı-008”-in futbolçusu Məhəmməd Eyvazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 68-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kamran Nəcəfzadə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Matçın 78-ci dəqiqəsində “Bakı-008” klubunun futbolçusu Qardaşxan Qardaşxanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-16 Liqanın “İnter” – “Qarabağ” matçında təcili tibbi yardım briqadası iştirak etmədiyi üçün meydan sahibi kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqanın “Bakı-008” – AZAL matçının 77-ci dəqiqəsində “Bakı-008” klubunun futbolçusu Cəlal Cəfərovla AZAL-ın futbolçusu Zaur Əliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb.
U-16 Liqanın RİOEUGİM – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqanın “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
