14 noyabr 2012 00:04

2012-ci ilə uğurlu vida və növbəti sensasiya şansı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin dördüncü oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Şimali İrlandiya artıq bir seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Bu qarşılaşmalarda yığmamız qələbə qazana bilməyib. Bir sözlə, sözügedən komanda Azərbaycan üçün o qədər də uğurlu rəqiblərdən sayıla bilməz.
 
İlk dəfə bu komanda ilə 2004-cü ildə, oktyabrın 9-da Bakıda qarşılaşmışıq. DÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutan görüşdə hesab açılmayıb – 0:0. 2005-ci ildə, sentyabrın 3-də Belfastda keçirilən cavab görüşündə isə millimiz 2 cavabsız qolla uduzub.
 
Göründüyü kimi, Şimali İrlandiya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmayıb. Komandamız bu rəqiblə görüşlərdə bir heç-heçəyə nail olsa da, qalib gələ bilməyib. 2 oyuna bu komandadan 2 qol buraxmışıq və bunlardan heç birinə cavab verə bilməmişik. Amma ümid edək ki, bu dəfə daha yaxşı oyun və nəticə ilə yadda qalacağıq.

Yeri gəlmişkən qeyd edək ki, bu, yığmamızın yeni seçmə mərhələdəki dördüncü oyunu olacaq. Komandamız tsiklin açılış matçında İsrail ilə üz-üzə gəldi və məğlub duruma düşdüyü görüşdən heç-heçə ilə ayrıldı. Lakin təəssüf ki, bu uğurun davamını Portuqaliya ilə Braqadakı oyunda gətirə bilmədik. Belə ki, komandamız qrupun favoriti ilə çətin səfər matçında uzun müddət qapısını toxunulmaz saxlasa da, son dəqiqələrdə buraxılan 3 cavabsız qolla darmadağına üzüldü. Elə Rusiya ilə səfər görüşündə də millimiz bir xalı son dəqiqələrdə penaltidən buraxdığı qolla əldən verdi – 0:1. Ona görə də Şimali İrlandiya ilə çətin səfər matçı ərəfəsində millimizin düşərgəsində o qədər də yaxşı əhval-ruhiyyənin olduğunu demək olmaz.
 
Rəqib düşərgədə isə tam fərqli əhval-ruhiyyə var. Şimali İrlandiya yığması bu seçmə tsiklə Rusiya ilə oyunla start verib və səfərdə 0:2 hesablı yenilgi ilə üzləşib. Maykl O`Nilin yetirmələri ikinci matçını evdə Lüksemburqda qarşı keçirib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Şimali İrlandiya yığması son matçını səfərdə Portuqaliyaya qarşı keçirib və həmin görüşdə sensasiyaya imza atıb. Belə ki, uzun müddət hesabda öndə olan yığmamızın bu dəfəki rəqibi üstünlüyünü yalnız son dəqiqələrdə əldən versə də, çətin səfərdən bir xalla dönməyi bacarıb – 1:1. Üç oyundan sonra isə bu komanda yığmamızdan daha çox – 2 xal toplayıb və bir pillə öndə qərarlaşıb. Bu üzdən də rəqib düşərgədə xoş əhval-ruhiyyənin olması millimiz üçün o qədər münasib sayıla bilməz.

Lakin bunun əks təsiri də istisna deyil. Məsələ burasındadı ki, irlandlar yığmamızı doğma azarkeşlərinin gözü qarşısında qəbul edəcəklər. Deməli, rəqibimiz o qədər də güclü olmayan Azərbaycan millisi ilə görüşdə xal itkisini ağlından da keçirmir. Hansı ki, baş məşqçi Maykl O`Nildən tutmuş yetirmələrinədək hamısı qələbədən dəm vururlar. Təbii ki, rəqibimizin bu oyuna arxayın çıxması onlara baha başa gələ bilər. Yığmamızın bu görüşdəki əsas üstünlüyü də məhz bu amillə bağlıdı. Qalan bütün məqamlar meydan sahiblərinin lehinədi. Azarkeş, doğma meydan, ustalıq səviyyəsi, güc nisbəti və daha nələr, nələr...
 
Bu azmış kimi, yığmamızın heyətində xeyli itkilər də var. Belə ki, komandamızın düşərgəsində Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev kimi aparıcı futbolçuların meydana çıxmayacağı öncədən də bəlliydi. Onlarla yanaşı Aqil Nəbiyev, Rizvan Umarov, Murad Ağayev də Belfasta aparılmayıb. Üstəlik, Əfran İsmayılov, Rail Məlikov və daha bir neçə yığma üzvü də hazırda düşərgədə deyil və belə olan halda komandamız gənclərin ümidinə qalıb.

Etiraf etmək lazımdı ki, belə itkilərin fonunda Şimali İrlandiyanı səfərdə məğlub etmək və ya ən azı bu komandadan 1 xal almaq yığmamız üçün elə də asan başa gəlməyəcək. Bu komanda yuxarıda sadaladığımız üstünlükləri ilə yanaşı, həm də hazırda FİFA reytinqində yığmamızdan öndədi. Şimali İrlandiya dünyanın ən güclüləri siyahısında ilk 100-lüyü qapayır. Yığmamız isə son açıqlanan siyahıda 123-cü sırada qərarlaşıb. Bütün bunlara baxmayaraq, ümid edək ki, millimiz Belfastda layiqli mübarizə apara, hətta sensasiyaya imza ata biləcək.
 
Qeyd edək ki, Şimali İrlandiya ilə qarşılaşma Azərbaycan yığmasının 2012-ci ildəki onuncu, eyni zamanda sonuncu oyunu olacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə yoxlama oyunu keçirmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu il ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Dünyanın ən zəif yığmalarından olan Andorranı yenə bilməməyimiz də (0:0) utancverici nəticələrdən biri kimi tarixə düşdü. Yalnız Bakıda baş tutan Bəhreynlə sınaq görüşündə futbolçularımız 3:0 hesablı qələbə ilə tənqidlərdən nisbətən yaxa qurtarmışdı. İsrai (1:1), Portuqaliya (0:3) və Rusiya (0:1) ilə rəsmi görüşdə isə məlum nəticələr qeydə alındı.

Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 191-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 47-də də heç-heçə ilə təsəlli tapmışıq. 111 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 131 qol vurduğumuz halda, öz qapımızdan 339 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
14 noyabr
 
23:45. ŞİMALİ İRLANDİYA – AZƏRBAYCAN
Belfast. “Vindzor Park” stadionu.
Baş hakim: Viktor Şvetsov (Ukrayna).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.