14 noyabr 2012 14:28
“İstəyirəm ki, təkcə limitə görə yox, həm də oyunuma görə yerimi təmin edim”
“Kəpəz”in gənc üzvü Məhərrəm Hüseynov Premyer Liqada çıxış etdiyi ilk mövsümdəcə özünü göstərməyə nail oldu. Azerisport.az xəbər verir ki, forma geyindiyi oyunlarda diqqət çəkən futbolçu start heyətin daimi üzvlərindəndi. Amma bir müddətdir ki, Hüseynov zədədən əziyyət çəkir. O, müsahibəsində bu və digər məqamlara toxunub.
- İlk olaraq futbola gəlişin haqda məlumat verərdin...
- Futbolla məşğul olmağa 8 yaşımda Rusiyada başlamışam. Tatarıstan Respublikasının Almetyevsk şəhərinin “Alnaz” klubunun futbol məktəbində məşqçi Aleksey Starodedovun rəhbərliyi altında hazırlıq keçmişəm. O, gənc mütəxəssis idi və ilk məşqçim olub.
- Azərbaycana nə vaxt gəldin?
- Əslimiz Gəncədəndir. Ona görə vətənə qayıdıb burda çıxış etməyi məqbul saydım. 2009-cu ildə Bakıya gəldim. “Neftçi”nin əvəzedici heyətinə çağırılmışdım. Amma keçidim alınmadı, nəticədə doğma şəhərimizin klubunda çıxış etməyə başladım. Həmin vaxt komanda “Gəncə” adlanırdı və Birinci Divizionda çıxış edirdi. Klub yüksək liqaya çıxandan sonra “dubl” yarandı və mən heyətə götürüldüm. Bu ildən isə əsas komandaya çağırıldım.
- Gənc yaşda “Kəpəz”də, özü də əsas heyətdə çıxış etmək hamıya nəsib olmur.
- Düzü, bir az bəxtim də gətirib. Limit amilini nəzərdə tuturam. Hər komandanın heyətində 21 yaşına kimi bir futbolçu oynamalı olduğundan, mövsümün əvvəlindən start heyətində yer almağa başladım. Əsas heyətdə daim çıxış etmək üçün çalışıram. İstəyirəm ki, təkcə limitə görə yox, həm də oyunuma görə yerimi təmin edim.
- “Kəpəz”in formasını geyinmək sənin üçün nə deməkdir?
- İlk növbədə böyük fəxr hissi keçirirəm. Atam hələ komandamız “Dinamo” adlanan vaxtdan mənə həmişə Gəncə futbolu haqda danışıb. Onun söhbətləri futbolçu olmaq istəyimi artırıb. İnşallah, mən də bütün ümidləri doğruldaram.
- Demək, futbolçu olmağında atanın da əməyi olub...
- Bəli. Atam da futbolla məşğul olub. “Kəpəz”in aşağı yaş qruplarında çıxış edib. Belə demək olarsa, onun arzularını mən həyata keçirirəm.
- Heç onunla oyunlarını müzakirə edirsən?
- Tez-tez bu barədə danışırıq. Hazırda işi ilə bağlı Rusiyadadır. İnternet vasitəsi ilə çıxışımı izləyir. Telefonla söhbətləşəndə də çıxışım haqda sorusur, məşqlər və oyunlarla maraqlanır. Mənə öz məsləhətlərini verir.
- Çempionatın əvvəlində yarımmüdafiənin cinahında yer alsan da, son oyunlarda Mahmud Qurbanov səni müdafiə xəttinə çəkib. Bundan narahat deyilsən?
- 2 il əvəzedici heyətdə müdafiəçi mövqeyində oynamışam. Ona görə mənə çətin deyil. Bu mövsüm “Xəzər Lənkəran”la yoldaşlıq görüşündə sol cinah müdafiəçisi mövqeyi boş qalmışdı. Məşqçilər məni yoxlamağa qərar verdilər. Açığı, bilmədim oyunumu bəyəndilər, ya yox. Amma həmin matçdan sonra bu mövqedə oynayası oldum. Düzünü deyim ki, mənə yarımmüdafiədənsə arxada oynamaq daha rahatdır.
- Azarkeşlər də artıq səni sevməyə başlayıblar...
- Bunu hiss edirəm. Gəlsinlər, oyunlarımıza baxıb, bizə dəstək olsunlar. Çalışarıq ki, fanatlar hər oyunda sevinib, stadionu tərk etsinlər. (klub saytı)
