15 noyabr 2012 19:42
Georgi Çixradze: Ramaldanov ilk oyun üçün vəzifəsinin öhdəsindən gələ bildi
“Simurq”un baş məşqçisi Georgi Çixradze futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan erkən qol vurmaqla oyunda təşəbbüsü ələ aldı. Amma buna rəğmən, çətin oyun alındı. Aydın məsələdi ki, şimali irlandiyalılar hava mübarizələrində daha fəal təsir bağışlayırdılar. Buna baxmayaraq, azərbaycanlı futbolçular bütün gücləri ilə çalışırdılar. 1:1 hesabı səfər oyunu üçün yaxşı nəticə sayılmalıdı. Rasim Ramaldanova gəlincə, o, yaxşı oynadı. Yığmadakı debütü münasibətilə onu təbrik edirəm. Özünü yaxşı tərəfdən göstərməyə çalışdı. İlk oyun üçün vəzifəsinin öhdəsindən gəldi”.
