17 noyabr 2012 11:34
Topaz Premyer Liqası, 13-cü tur: Mircavadovun proqnozu
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Neftçi – Sumqayıt
Meydan sahibləri oyunun favoritidi. “Neftçi” indi bir qədər istirahət edib. Həm də onları noyabrın 22-də Serbiya “Partizan”ı ilə oyun gözləyir. Bakılıların həmin görüşə yaxşı-əhval ruhiyyədə köklənməsi lazımdı. Məhz bu nöqteyi-nəzərdən “Neftçi”nin qələbəni əldən verəcəyini düşünmürəm.
Bakı – Xəzər Lənkəran
“Xəzər Lənkəran”da artıq yeni baş məşqçi var. Amma o, hələ çempionatı, futbolçuları yaxşı tanımır. Lakin “Bakı” da bu mövsüm inamlı çıxış etmir. Məhz bunu nəzərə alaraq, heç-heçə olacağını proqnozlaşdırıram.
Qarabağ – Simurq
“Qarabağ”ın bir sıra futbolçuları yığmadan yenicə qayıtsalar da, fikrimcə, bu, onların “Simurq”la oyunda uğur qazanmasına mane olmamalıdı. Düzdü, Zaqatala klubu çempionata yaxşı başlayıb. Hələ də turnir cədvəlinə başçılıq edən komandalardan biridi. Amma mən bu oyunda “Qarabağ”ın qalib gəlmək şanslarını daha yüksək qiymətləndirirəm.
İnter – Turan
“Turan”da böyük dəyişikliklər oldu. Əfqan Talıbovun gəlişindən sonra komandanın nəticələri daha da yaxşılaşmağa başlayıb. Heyətinə görə təbii ki, “İnter” daha güclü və şanslı olan tərəfdi. Ona görə də meydan sahiblərinin qalib gələcəyinə əminəm.
Qəbələ - Kəpəz
“Kəpəz”in heyətində çoxlu gənc futbolçular var. Onların hamısı özlərini göstərmək istəyirlər. Ancaq Ramiz Məmmədovun gəlişindən sonra “Qəbələ” də yaxşı sürət yığıb. Meydan sahibləri qalib gələcək.
Rəvan – AZAL
Burda AZAL daha şanslıdı. Hər iki komanda süni meydanda oynayır. Ona görə də komandaların bu baxımdan hansısa xüsusi üstünlüyü olmayacaq. Amma hazırda AZAL-ın “Rəvan”dan daha güclü olduğunu düşünürəm. Qonaqlar qələbə qazanmalıdılar.
