18 noyabr 2012 01:24
Neftçinin rəqibi derbidən məğlub ayrıldı (YENİLƏNİB)
Futbol üzrə Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klublar da növbəri sınaqlarına çıxıblar.
Belqrad “Partizan”ı Serbiya Super Liqasının 13-cü turunda səfərdə əzəli rəqibi “Crvena Zvezda” ilə derbi oyununa çıxıb. Kifayət qədər gərgin və maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Mitroviçin qolu sayəsində "Partizan" açıb. Cəmi beş dəqiqə sonra üstünlüyünü əldən verməsinə rəğmən, 16-cı dəqiqədə avtoqola sevinən “Neftçi”nin rəqibi yenidən hesabda önə keçib. Buna baxmayaraq, 49 və 75-ci dəqiqələrdə daha iki qol vuran “Crvena Zvezda” derbidən 3:2 hesablı əzmkar qələbə ilə ayrılıb. “Partizan” hazırda 13 oyuna 33 xalla birinci pillədə gedir və ikinci pillədəki “Crvena Zvezda”nı bu məğlubiyyətə rəğmən, beş xal qabaqlayır.
Kazan “Rubin”i isə Rusiya Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə Vladiqafqaz “Alaniya”sı ilə qarşılaşıb. İvan Markano (57) və Alan Kasayevin (62) vurduğu qollar Kazan təmsilçisinə səfərdə 2:0 hesablı qələbə qazandırıb. “Rubin” hazırda 30 xalla 4-cü sırada qərarlaşıb.
