18 noyabr 2012 01:36
Mahir Şükürov Partizan ilə oyunda meydana çıxa biləcək
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov zədəsini sağaltmaq üzrədi. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Rusiya “Rubin”i ilə Bakıdakı görüşdə zədələnən futbolçu Serbiya “Partizan”ı ilə qarşıdakı oyunda iştirak edə biləcək.
Bunu bakılıların baş məşqçisi Böyükağa Hacıyev də təsdiqləyib. Bu qarşılaşmada “ağ-qaralar”ın digər zədəli futbolçusu Cavid İmamverdiyev də forma geyə biləcək. Qeyd edək ki, artıq zədəsini sağaldan bu yarımmüdafiəçi hətta dünən “Sumqayıt”la oyunda meydana da çıxdı və bir qol vurdu.
Qeyd edək ki, “Neftçi” – “Partizan” matçı noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
