18 noyabr 2012 02:17
Simurqda Qarabağla oyun üçün futbolçu çatışmazlığı
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Simurq" ötən gün səhər paytaxta təşrif buyurub. Azerisport.az xəbər verir ki, günorta saatlarında komanda T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda oyun öncəsi son məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq prosesində qaçış və isinmə hərəkətlərindən sonra topla müxtəlif tapşırıqlar üzərində çalışılıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb və Georgi Çixradzenin yetirmələri istirahətə çəkilərək, qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Simurq" oyunu bu gün T.Bəhramov adına Respublika stadionunda keçiriləcək. 16:00-da start fiti veriləcək qarşılaşmaya komanda “Simurq” itkilərlə çıxacaq. Belə ki, ötən tur qırmızı vərəqə alan Rasim Ramaldanov, İlkin Qırtımov, Qərib İbrahimov və 4 sarıya görə Aleksandr Şemonayev cəzalı olduqlarından bu cür çətin matçda komandalarına kömək edə bilməyəcək. Baş məşqçi Georgi Çixradze onların yoxluğunda əvəzedici heyətdə forma geyinən Arzuman Nəsibovu, Məhəmməd Alıyevı və Elçin Süleymanovu əsas komandaya dəvət edib.
Xatırladaq ki, rəqiblərin 14-cü dueli ərəfəsində komandalardan heç biri qələbə üstünlüyünə malik deyil. Ancaq "Simurq" top fərqində "Qarabağ"dan öndədir. Bu nəticəyə baxmayaraq komanda son 4 oyunun heç birində ağdamlıların qapısından top keçirdə bilməyib. Üstəlik, “Simurq” 6 matçdır ki, rəqibin məğlub edə bilmir.
