19 noyabr 2012 13:16
“Azərbaycan kimi rəqiblərlə də necə oynamaq lazım olduğunu öyrənməliyik”
Futbol üzrə Şimali İrlandiya yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Azərbaycan millisinə qalib gələ bilməməsi (1:1) yerli azarkeşləri kəskin narazı salıb. Azerisport.az xəbər verir ki, fanatlar baş məşqçi Maykl O`Nilin istefa verməli olduğunu düşünürlər.
Lakin Şimali İrlandiya Futbol Federasiyasının prezidenti Cim Şou onunla yollarını ayırmağa hazırlaşmadıqlarını bəyan edib: “Azarkeşlər üçün bu oyunda qələbə qazanmağımız çox vacib idi və biz bununla razılaşmaya bilmərik. Amma mən düşünmürəm ki, Maykla bu üzdən ciddi təzyiqlər var. O, inkişaf etdiyi hiss olunan komandada çalışır. Ona sadəcə vaxt lazımdı. Başa düşürəm ki, məşqçilərə heç də hər yerdə vaxt tanımırlar. Lakin məşqçilərin ən böyük ehtiyac duyduğu amil məhz budu”.
Şounun fikrincə, Şimali İrlandiya yığması daha zəif rəqiblərə qarşı da necə oynamaq lazım olduğunu öyrənməlidi: “Bizim uşaqlar futbol oynamağı bacardıqlarını hələ Portuqaliya ilə səfər matçında isbatlayıblar. Amma eyni zamanda biz Azərbaycan kimi daha zəif rəqiblərə də qarşı necə oynamaq lazım olduğunu öyrənməliyik”.
Federasiya prezidenti Şimali İrlandiya yığmasının millimizlə görüşdə pis futbol oynadığını düşünmür: “Biz çoxlu qol vəziyyətləri yaratdıq. Belə oyunu ancaq yaxşı adlandırmaq olar. Sadəcə, ələ düşən qol vəziyyətlərini dəyərləndirə bilmədik. 50 ildi futbola baxıram. Amma heç vaxt komandamızın bu qədər qol epizodundan yararlana bilməməsini görməmişdim”.
Şou komandadan daha çox şey gözlədiyini də gizlətməyib: “Bizim son üç oyuna doqquz xalımız ola bilərdi. Amma biz cəmi üç xal topladıq. Qələbə qazanmalı olduğumuz görüşlərin hamısından 1:1 hesablı heç-heçə ilə ayrıldıq. Bu nəticələrdən sonra təəssüf ki, Braziliyada keçiriləcək dünya çempionatına yollanmaq şanslarımız elə də yüksək deyil”.
