20 noyabr 2012 13:21
AFFA bir-birini təhqir edən futbolçuları üç oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Neftçala” – “Tərəqqi” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunublar.
“Şuşa” – MOİK matçında MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 34-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Bayram Kərimovla MOİK-in futbolçusu Şahin Xasaylı bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klubları 200 manat cərimə olunub.
“Göyəzən” – “Lokomotiv” matçının 68-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Çingiz Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şəmkir” – “Bakılı” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 100 manat cərimə olunub.
